Yürüş Mehrəlibəylinin həyat yoldaşı siyasi məhbuslara dəstək verməyə çağırıb

Milli fəal Yürüş Mehrəlibəyinin həyat yoldaşı Sona Fərəczadə

Yürüş Mehrəlibəyinin həyat yoldaşı Sona Fərəczadə video-mesajında İran Azərbaycanının siyasi məhbuslarına dəstək kampaniyasına qoşularaq, siyasi məhbuslara dəstək verməyə çağırıb.

Son zamanlar İran Azərbaycanında siyasi məhbuslara dəstək üçün böyük kampaniya başlayıb. Bu kampaniyada İran Azərbaycanında yaşayan mədəni və siyasi fəallar müxtəlif şəhərlərdə sosial media hesablarından video-müraciətlər paylaşmaqla siyasi məhbusları dəstəklədiklərini bildirirlər.

Milli fəal Yürüş Mehrəlibəyinin həyat yoldaşı Sona Fərəczadə də həmin kampaniyaya dəstək verməklə yanaşı, ərinin həbsinin və siyasi fəaliyyətini davam etdirməsinin səbəbini də video-mesajda izah edib.

“Biz insanların ümumiyyətdə özümüz və övladlarımız üçün ürəyimizdə böyük arzularımız olur, amma bəzi insanlar var ki, ürəkləri o qədər böyük olur ki, özlərindən və ailələrindən başqa digər insanlara da ürəklərində böyük arzular və ideallar bəsləyirlər,” Fərəczadə paylaşdığı video-mesajda deyib.

Sona Fərəczadə İranda fəaliyyətlərindən dolayı həbs edilən və müxtəlif təzyiqlərə məruz qalan fəhlə hüquqları fəalları, qadın fəalları və müəllimlərin tələbləri və hüquqları uğrunda çalışan və fəaliyyətlərindən ötrü həbslərə məruz qalan fəalları və həmçinin milli fəalları misal çəkərək, onları “həmin ürəyi böyük insanlar” hesab etdiyini deyib.

Keçən il noyabrın 7-də Culfa şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən siyasi fəal Yürüş Mehrəlibəyli artıq 3 aya yaxındır ki Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılır və ailəsi ilə görüşməkdən məhrumdur.

“Onları tutduqları yolda saxlayan əxlaqi vəzifə və ictimai məsuliyyət hissidir və əlbəttə ki cəsarət” - deyə, Sona Fərəczadə əlavə edib.

Fərəczadə ölkədə müxtəlif təbəqələrin hüquqları üzrə fəaliyyət göstərən və həmin fəaliyyətlərindən ötrü təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən və təzyiqlərlə üzləşən insanları, “adi xalqın köşə kənarda pıçıldadığı sözləri ucadan söylədiklərini” bildirib. “Onlar cəmiyyətin ayıq vicdanıdırlar. Qısaca olaraq, siyasi məhbus şərəfli, məsuliyyətli və sadiq insandır ki, insanlığın sərmayəsidir. Bu sərmayələrimizi qoruyaq” - deyə, Fərəczadə ifadə edib.

Bundan əvvəl Yürüş Mehrəlibəyinin bacısı Durna Mehrəlibəyli də sosial mediada video-mesaj yayımlayaraq, qardaşını dəstəklədiyini açıqlamışdı. İndiyədək İrandakı onlarla azərbaycanlı mədəni və siyasi fəal müxtəlif sosial media platformalarında hesablarında videolar yayımlayaraq, “milli mübarizə” uğrunda həbs olunan fəalların yanında olduqlarını bildiriblər.