Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin işi üzrə istintaq prosesi yekunlaşıb. Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova bildirib.
"Prokuror bildirdi ki, Elvin Mustafayevə 7 il azadlıqdan məhrum etmə cəzası verilsin. Daha sonra mən müdafiə çıxışı etdim. Əlbəttə ki, prokurorun çıxışına etiraz etdim və dedim ki, Elvinin narkotikin satışı ilə məşğul olması ilə bağlı sübut yoxdur. Əlavə olaraq da, o, məhkəmədə bildirib ki, işgəncəyə məruz qalıb, onu sənədə imza atsın deyə aldadıblar. Bunu yoxlamaq üçün xeyli vəsatət vermişdim, amma məhkəmə heç birini təmin etmədi ki, mən həqiqəti üzə çıxarım. İş materiallarında Elvinin hərəkət trayektoriyası var, həmin material sübut edir ki, o günahsızdır", deyə vəkil bildirib.
Vəkilin sözlərinə görə, Elvin Mustafayev öz çıxışında ittihamın saxta olduğunu deyib.
"Dedi ki, o hər zaman narkotik vasitələrin yayılması ilə mübarizə aparıb, belə şeylərə pis baxıb. Onun narkotiklə əlaqəsi yoxdur, dedi ki, sənədə aldadıb imza atdırıblar. Deyiblər ki, imza atsan səni buraxacağıq, imza atmasan daha ağır ittihamla həbs edəcəyik, ona görə də Elvin məcbur olub", deyə vəkil qeyd edib.
Zibeydə Sadıqova bildirib ki, Elvin Mustafayev həbsini siyasi fəaliyyəti ilə əlaqəndirib:
"O, İşçi Masasından danışdı, Ayxan İsrafilov və Afiəddin Məmmədovun həbsini qeyd elədi. Təəssüf ki, məhkəmə ittihamedici hökm çıxardı. Məhkəmə Cinayət Məcəlləsinin 234.4.3-cü və 234.4.1-ci maddələrlə təqsirli bilmədi, hakim bildirdi ki, doğrudan da bu maddələrlə onun təqsiri sübut edilməyib. Lakin onu narkotik vasitələrin istifadəçisi kimi tanıdı və o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddə ilə təqsirli bilindi".
Elvin Mustafayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Elvin Mustafayev avqustun 7-də Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.
Elvin Mustafayevin ittiham olunduğu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov da avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilıb.
Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
İşçi Masasının sədri Afiəddin Məmmədov isə sentyabrın 20-də həbs olunub.
Məmməddov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.
İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.
Fəallar ittihamları qəbul etmir və həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.