Meyxanaçı məhkəmə zalından azadlığa buraxılıb

Meyxanaçı Mahir Qonşuyev

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamıyla həbsdə olan meyxanaçı Mahir Qonşuyevə hökm oxunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

"Mahir Ay Brat" kimi tanınan meyxanaçıya 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaqla gəzmək, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər yaşadığı evi tərk etməmək öhdəliyi qoyulub.

Hökmdən əvvəl dövlət ittihamçısı Mahir Qonşuyevin 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokurordan sonra məhkəmədə son sözünü deyən meyxanaçı bildirib ki, saxlanılanda onun üstündə narkotik olmayıb. O, məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib.

Hakimlər bir neçə dəqiqəlik müşavirədən sonra onu Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə təqsirli sayıb. Lakin ona azadlıqdan məhrumetmə deyil, azadlığın məhdudlaşdırılması cəzası verməyi qərara alıb.

1984-cü il təvəllüdlü Mahir Qonşuyev iyunun 6-dan həbsdə idi. Ona qarşı ittihamda göstərilib ki, o, küçədə – Binəqədi rayonu, Azadlıq prospekti 145 ünvanının qarşısında saxlanılıb. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ("Bandotdel") üzərində baxış keçiriləndə cibindən 3,818 qram metamfetamin çıxıb.

Özünü təqsirli bilmədiyini deyən meyxanaçı əvvəllər narkotik istifadəçisi olduğunu etiraf edib, lakin həbsdən çıxandan sonra bu pis vərdişdən əl çəkdiyini deyib. Onun sözlərinə görə ittiham aktında tutulduğu yer də düzgün göstərilməyib.

"Həmin gün "Çanaqqala" restoranına dəvət eləmişdilər. Prodüserim Kamil Mirzəliyevlə birlikdə oradakı məclisə gedirdik. Liftdən çıxanda ikimizi də "banditizm"in işçiləri saxladı, idarəyə apardılar. Sonradan prodüserimi buraxdılar”, o bildirib.

Meyxanaçı bildirib ki, saxlanılıb idarəyə aparılanda da, idarədə də fiziki və psixoloji təzyiqlərə məruz qalıb. Onun sözlərinə görə hazır ifadəni gətirib onu imzalamağa məcbur ediblər.

"Başıma yumruqla, kürəyimdən təpiklə vururdular. Hazır ifadəni gətirdilər. Elə sözlər deyirdilər ki, qol çəkməyə bilməzdim", deyə Qonşuyev bildirib.

O, məhkəmədə bildirib ki, həbsindən əvvəl bir neçə dəfə polis idarəsinə çağrılaraq kriminal mövzudakı meyxanalarını yığışdırması tələb olunmuşdu.

"Mən getdiyim məclislərdə də polislər, rəislər olub. Heç bir cinayət törətməmişəm. Bu da mənim sənətimdir, pulum ondan çıxır, ona görə meyxana deyirdim", o bildirib.

Mahir Qonşuyevin anası Mehriban Qonşuyeva oğluna işgəncə verildiyini və buna görə övladının intihara cəhd etmək istədiyini deyib.

"Yalandan sənədə imza atdırıblar ki, guya Mahirin üstündə narkotik olub. Hamısı yalandır, balamı şərləyiblər" - deyə, o bildirib.

Daxili İşlər Nazirliyi isə bu iddiaları əsassız sayır.

Daxili İşlər Nazirliyinin iyunun 12-də yaydığı məlumatda deyir ki, polisin keçirdiyi əməliyyat zamanı keçmiş məhkumdan psixotrop maddə olan "metamfetamin" aşkar edilib.

"Araşdırmalarla Mahir Qonşuyevin sosial şəbəkələrdə "Mahir Ay Brat" adlı səhifə yaradaq əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib", məlumatda bildirilir.

Məlumatda deyilir ki, qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Qonşuyevə Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsilə ittiham verilib.