Qubad İbadoğlunun telefon danışığı ilə bağlı şikayəti təmin edilməyib

Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Yanvarın 30-da Bakının Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun vəkillərlə telefon danışığına qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı şikayətə baxılıb.

Bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova bildirib.

“Qubad bəy Bakı İstintaq Təcridxanasından vəkillərinə zəng edə bilmir. Baxmayaraq ki, o bu barədə həm yazılı, həm də şifahi olaraq rəhbərliyə şikayət edib. Amma icazə vermirlər. Neçə dəfə istəyib ki, zəng edib məhkəmələrdən soruşsun, istintaqdan nəsə məlumat alsın. Bu şərait yaradılmayıb”, vəkil qeyd edib.

Onun sözlərinə görə, bu, işlə bağlı artıq ikinci şikayətdir.

“Bir dəfə şikayət verdik, təmin olunmadı. İkinci dəfə yenidən məcbur olmuşuq. Məhkəməyə müraciət etdik ki, Qubad bəyin vəkilinə zəng etməsinə şərait yaradılsın. Bu gün Bakı İstintaq Təcridxanasından da nümayəndə gəlmişdi. O bildirdi ki, bununla bağlı təcridxana rəhbərliyinə heç kim müraciət etməyib. Onda belə bir sual yaranır? Niyə biz buradayıq? Biz məhkəməyə ona görə müraciət etmişik ki, şərait yaradılmayıb”, o bildirib.

Vəkil həmçinin qeyd edib ki, bugünkü məhkəmə prosesində Qubad İbadoğlu da iştirak edib.

Beləliklə məhkəmə şikayəti təmin etməyib.

Zibeydə Sadıqova məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Bununla bağlı Amerikanın Səsinin nə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, nə Bakı İstintaq Təcridxanasından, nə də cinayət işini aparan istintaq orqanından şərh alması mümkün olmayıb.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.