Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

Möhyəddin Orucov

Yanvarın 29-da Bakı Apellyasiya Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun ailə üzvləri ilə görüş və telefon qadağası ilə bağlı verilmiş şikayətə baxılıb. Bu barədə vəkil Nazim Musayev məlumat verib. Vəkilin sözlərinə görə, Apellyasiya Məhkəməsi Suraxanı Rayon Məhkəməsinin qərarını qanunsuz hesab edib:

“Məhkəmə qərarı ləğv elədi. Möhyəddin sağlamlıq probleminin də olduğunu dedi, böyrəkləri ilə bağlı narahatlıq yaşayır. Həmçinin saxlanılma şəraitindən də narazıdır. Təcridxanada 10 nəfərlik kamerada təqribən 20 nəfər qalır”.

İctimai fəal Möhyəddin Orucovun dekabrın 13-də saxlanılıb.

Möhəddin Orucovun anasının sözlərinə görə, oğlu ilə yalnız məhkəmədə bir neçə dəqiqə danışmaq imkanı olub:

"Möhyəddin Orucov mənə dedi ki, ona hədə-qorxu gəliblər. Ona deyiblər ki, əgər tələb olunan ifadələrə imza atmasan, bura anan gətiriləcək”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Dekabrın 15-də Suraxanı Rayon Məhkəməsi ictimai fəal Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bundan əvvəl də ictimai fəal oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib.

Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.