Həmədanda petrokimya işçiləri etiraz aksiyası keçirib

Həmədanda işçilər piket keçirib

İranın Həmədan şəhərində "Hegmatanə" petrokimya zavodunun işçiləri bu şirkət tərəfindən maaşların vaxtında ödənilməməsinə etiraz olaraq aksiya keçiriblər.

Bu barədə İLNA (Iranian Labour News Agency) xəbər agentliyi məlumat yayıb.

Bu xəbərə görə, etiraz aksiyasında iştirak edən fəhlələr zavodun açılış zamanı verilən vədlərin yerinə yetirilmədiyini, maaşlarının verilmədiyini deyirlər. Bu petrokimya zavodunun işçilərinin maaş vəziyyətindən narazı olması ilə yanaşı, bu zavod bir çox problemlərlə, hətta bağlanma riski ilə də üzləşib.

Bu zavodda ən azı 200 nəfər çalışır. Bu neft-kimya kompleksi 18 illik gecikmədən sonra 2020-ci ilin dekabrında istismara verilib. Amma bu illərdə müxtəlif problemlərlə, o cümlədən xammal təminatında olan çatışmazlıqlara görə bağlanma riski ilə üzləşib.

İran mətbuatı bu petrokimya zavodunun müflis olması ilə bağlı xəbərlər dərc edib. Yarı-rəsmi Fars xəbər agentliyi xəbər verib ki, zavod xammal çatışmazlığı ilə üzləşib və bəzən bölməyə məhdud miqdarda xammal verilir. İran mətbuatının ötən ilin oktyabrında dərc etdiyi xəbərə görə, Həmədan valisi ilə İran Petrokimya Şirkətinin baş direktoru arasında 4 saatlıq görüş keçirilib və həmin iclasda işçilərin gecikən 2 aylıq əmək haqqının valiliyin əlavə dəyər vergilər qazanclarından ödənilməsinə qərar verilib. Bu da onu göstərir ki, bu sənaye kompleksinin işçilərinin maaşını ödəmək imkanı yoxdur.

İranın cənubunda yerləşən Əhvaz və Buşəhr də daxil olmaqla, İranın digər şəhərlərində də işçilərin etiraz toplantıları keçirilib. Bu həftə Təbrizdə Şirin Əsəl fabrikinin əməkdaşları bir neçə gün ardıcıl etiraz aksiyası keçiriblər. Həmin şirkətin işçiləri yanvarın 21-dən başlatdıqları piketlərini ayın 23-ə qədər davam etdiriblər.

İranda sanksiyalar, daxili və xarici siyasətdəki problemlər və yüksək inflyasiya daxil olmaqla bir sıra amillərin yaratdığı ağır iqtisadi vəziyyət işçilərə ciddi təsir edib. İqtisadi tənəzzül nəticəsində işsizliyin artması, yüksək inflyasiya ilə yanaşı, işçilərin alıcılıq qabiliyyətinin və həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

Bəzi sənaye sahələrində maaşların ödənilməsində gecikmələr ailələrə maddi təzyiqin artmasına və onların əsas ehtiyaclarını təmin etmək imkanlarının azalmasına səbəb olub. Həmin vəziyyətdən dolayı ailələrin iqtisadi təhlükəsizliyinin sarsılması səbəbindən sosial gərginliyin və etirazların artması ehtimalı da artıb.