III Respublika Platforması Qurucu Heyətinin və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyev həbs edilən zaman ondan götürülən elektron cihazlarının və şəxsi əşyalarının hələ də qaytarılmadığını bildirib.
Araz Əliyev bildirib ki, ötən il dekabrın 23-də həbs olunarkən onun üzərində olan elektron cihazlar (noutbuk və mobil telefonu), o cümlədən bank və iş kartları, evinin açarlarına qədər hər şey çantası ilə bərabər götürülüb.
"Bir aydan çoxdur ki, əşyalarımla bağlı hər hansı məlumat ala bilməmişəm. Onların harada olduğundan və hansı məqsədlər üçün istifadə edildiyindən xəbərsizəm", o bildirib.
Araz Əliyev deyib ki, yanvarın 26-da ondan götürülmüş əşyaların qaytarılması tələbilə Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib.
Bununla yanaşı, Daxili İşlər Nazirliyi Əliyevin götürülmüş əşyaları ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Araz Əliyev dekabrın 23-də saxlanılıb, məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək 25 sutka inzibati həbsə məhkum edib. O yanvarın 17-də həbs müddəti bitdikdən sonra azadlığa buraxılıb.