ABŞ-Azərbaycan Ticarət Palatası Nyu Yorkdakı Türk Evində unikal şəkildə qorunub saxlanılan antik Azərbaycan xalçalarının qeyri-adi kolleksiyasından ibarət sərgiyə ev sahibliyi edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
ABŞ-Azərbaycan Ticarət Palatasının məlumatında isə deyilir ki, ABŞ-ın Boston şəhərindən olan azərbaycanlı kolleksiyaçı Əmir Oskoueinin səyləri sayəsində Səfəvilər dövrünə aid Azərbaycan xalçalarının zəngin irsi gözəl şəkildə nümayiş etdirilib.
“İştirakçılar 17, 18 və 19-cu əsrlərə aid heyrətamiz xalçaların ecazkar gözəlliyinə heyran oldular. Lütfkar ev sahiblərimizə minnətdarlıq əlaməti olaraq, cənab Oskoueinin kolleksiyasının bir hissəsi olan 16-cı əsrin sonu və 17-ci əsrin əvvəllərinə aid Qərbi Anadolu Uşak xalçasının qalan parçasını Türk Evinə təqdim etməkdən çox məmnun olduq”, məlumatda qeyd edilir.