Yanvarın 23-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Şirvan Araz zavodu MMC-də (Bakıdan 129 kilometr qərb) partlayış baş verməsi nəticəsində 3 nəfər xəsarət alıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatıan görə, ilkin araşdırmalarla hadisə nəticəsində Elçin Babayevin, İsmayıl Muradovun, Məhəmməd İmanovun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Prokurorluq bildirir ki, hadisənin zavodun sexlərindən birində minatan silahın 120 millimetrlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər hospitalizasiya olunub. Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.
"Araz" zavodu 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Rəsmi məlumata görə, zavod il ərzində bir növbəli iş rejimində 20 min ədəd 60 millimetr çaplı, 40 min ədəd 82 millimetr çaplı və 40 min ədəd 120 millimetr çaplı mərmilərin doldurulması və yığılmasını təmin edən istehsal gücünə malikdir. “Araz” zavodunda həmçinin kapsulların doldurulması, dozalaşdırılması, yoxlanılması və qablaşdırılması həyata keçirilir. Zavodda il ərzində birnövbəli iş rejimində 40 milyon kapsul istehsalı nəzərdə tutulub.
Xatırladaq ki, bu zavodda bundan öncə 2016-cı, 2018-ci və 2023-cü illərdə yanğın və partlayışlar qeydə alınıb. Sonuncu dəfə 2023-cü il iyulun 24-də partayış zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.