Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə iclasında ABŞ, Almaniya və Fransa səfirliklərinin nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri iştirak edib.
Hüquq müdafiəçisi Zəfər Əhmədov jurnalistlərə bildirib ki, Bəxtiyar Hacıyevin vəkilləri məhkəmə iclasında 7 vəsatət versə də, hakim heç birini təmin etməyib.
Vəkillər məhkəmədən Hacıyev barəsində qətimkan tədbirinin dəyişdirilməsini və onun ev dustaqlığına keçirilməsini istəyiblər. Məhkəmə "dindirilməmiş şahidlərin olması və onların təhlükəsizliyinin təmin edilməsi zərurəti kimi absurd bəhanə ilə" bundan imtina edib.
Your browser doesn’t support HTML5
Məhkəmə, həmçinin, Bəxtiyar Hacıyevin şüşə qəfəsdən çıxıb vəkillərinin yanında oturması haqqında vəsatəti təmin etməyib. Zərərçəkən şəxsin vəkili Bəxtiyar Hacıyevin ona hücum edə biləcəyini bildirib. Bu səbəbdən vəsatət təmin edilməyib.
Müdafiə tərəfi qanunsuz yollarla əldə edilmiş dəlillərin iş materiallarından çıxarılması haqqında da vəsatət qaldırıb. Buna cavab olaraq, hakim bu məsələyə dəlillərin araşdırılması zamanı baxılacağını bildirib.
Məhkəmə baxışı fevralın 2-nə təyin edilib.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. 2022-ci il dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub.
Lakin 2023-ci ilin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb. 2023-ci ilin iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb. Beləliklə, hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 8 maddəsi üzrə günahlandırılır.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, yeni ittihamlar da Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.