"2023-cü ilin sonunda Azərbaycanda mətbuat azadlığının durumu sürətlə pisləşib". Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) dünyada həbsdə olan jurnalistlərlə bağlı yaydığı hesabatda qeyd edib. Hesabatda bildirilir ki, 2024-cü ilin fevralında keçiriləcək Prezident seçkiləri ərəfəsi jurnalist həbsləri dalğası fonunda baş verir.
"Azərbaycanda ötən il dekabrın 1-dən əvvəl dörd jurnalist və bir media işçisi, o vaxtdan bu günədəksə azı daha üç nəfər saxlanılıb", deyə hesabatda bildirilir.
"Dekabrın 1-dək saxlanılan dörd nəfər jurnalist daha çox yüksək rütbəli dövlət məmurlarına qarşı korrupsiya araşdırmaları ilə tanınırdı. Onlar "AbzasMedia"nın əməkdaşlarıdır".
CPJ bildirir ki, jurnalistlər Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla geri almasından sonra Qərb münasibətlərinin geriləməsi fonunda həbs ediliblər.
Təşkilatın məlumatına görə 2023-cü il dünyada da jurnalist həbsləri rekord həddə yaxınlaşıb. Daha çox İsraildə həbslər artıb.
"2023-cü il oktyabrın 7-də İsrail-Qəzza müharibəsi başlayandan sonra İsrail dünyanın aparıcı jurnalist həbsxanalarından biri olub. İsrail müvafiq olaraq Çin, Myanma, Belarus, Rusiya və Vyetnamdan sonra İranla bərabərləşən altıncı yerdə qərarlaşıb".
CPJ 2023-cü il dekabrın 1-də aldığı siyahıya görə, dəmir barmaqlıqlar arxasında olan 320 jurnalisti sənədləşdirib. Hesabatda qeyd olunur ki, bu rəqəm 1992-ci ildə siyahıyaalma başlayandan bəri qeydə alınan ikinci ən yüksək olanıdır:
"Bu, kök salmış avtoritarizmin və müstəqilliyi boğmağa qərarlı hökumətlərin cəzaları artırmasından xəbər verir. Hətta bəzi hökumətlər transmilli repressiyalardan istifadə edərək, öz sərhədlərindən kənarda jurnalistləri təhdid və təqib etmək üçün bir addım da irəli gediblər. Məsələn, Moskva başqa ölkələrdə yaşayan rusiyalı jurnalistlərin həbsinə order verir. Efiopiya qonşu Cibutidə həbs olunduqdan sonra sürgündə olan jurnalisti terrorizm ittihamı ilə geri qaytarmağa məcbur edib".
CPJ-nin məlumatına görə, həbsdə olan jurnalistlərdən 168 nəfəri tənqidi işıqlandırmaya görə qisasla üzləşib və həmin jurnalistlər yalan xəbərlər və terrorizm kimi dövlət əleyhinə ittihamlarla üzləşiblər:
"66 iş üzrə saxlanılan şəxslərə hələ də onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat verilməyib".
Jurnalistləri həbs etməsinə görə Çin birinci yerdə qərarlaşıb. Bu ölkədə 44 nəfər jurnalist həbsə atılıb. İkinci yerdə 43 nəfərlə Myanma, üçüncü yerdə isə 28 nəfərlə Belarus gəlir. İsraildə və İranda hər birində 17 jurnalist həbs olunub. Bununla hər iki ölkə siyahının altıncı pilləsində qərarlaşıb.
Son iki ayda Azərbaycanda 10-dək jurnalist həbs olunub. Onların böyük əksəriyyəti "qaçaqmalçılıq"da ittiham edilir. Özləri isə həbslərini peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.
Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir. Həmçinin Azərbaycanda mediaya heç bir təzyiq olmadığını deyirlər.