Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsində "Abzas Media"nın əməkdaşı, jurnalist Elnarə Qasımovanın həbsindən verilmiş şikayətə baxılıb. Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Nicat Əmiraslanov məlumat verib.
Onun sözlərinə görə, məhkəməyə Elnarə Qasımovanın özü də gətirilib:
"Elnarə məhkəmədə də bildirib ki, jurnalist fəaliyyəti ilə bağlı həbs olunub, qaçaqmalçılıqla heç bir əlaqəsi yoxdur. Deyib ki, nəinki onun, digər həmkarlarının da cinayət işinə aidiyyatı yoxdur. "Abzas Media"nın fəaliyyətini məhdudlaşdırmaq üçün həbs olunduqlarını bildirib. Məhkəmə şikayəti təmin etməyib".
Həyat yoldaşı deyir ki, Elnarə Qasımovanın da zəng etməsinə və ailəsi ilə görüşməsinə məhdudiyyət qoyulub.
"Vəkil bununla bağlı da şikayət verəcək. Saxlanma şəraitindən narazılığı yoxdur, 5 nəfərlik kamerada qalırlar. Dostlarına salam göndərdi", deyə Əmiraslanov qeyd edib.
Yanvarın 15-də Xətai Rayon Məhkəməsi "AbzasMedia" saytının əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
"AbzasMedia" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "AbzasMedia"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.
Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir. Həbslərini peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.
Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.