Sina Bəndəlizadə müvəqqəti azadlığa buraxılıb

Sina Bəndəlizadə

Ərdəbildən olan jurnalist Sina Bəndəlizadə məhkəmənin yekun hökmünə qədər Ərdəbil Mərkəzi Həbsxanasından girov müqabilində müvəqqəti azadlığa buraxılıb.

Hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydığı məlumata görə, Bəndəlizadə yanvarın 17-də Ərdəbil Mərkəzi Həbsxanasından azad edilib. Həmçinin ictimai fəalın müvəqqəti azadlığa buraxılması üçün ödənilən girovun məbləği barədə məlumat verilməyib.

Ona qarşı irəli sürülən ittihamlarla bağlı təfərrüatlı məlumat olmasa da, onun təhlükəsizlik qüvvələri tərəfindən həbsinin Ərdəbil şəhərinin problemləri və bu vilayətin rəsmilərindən tənqidləri ilə bağlı hazırladığı reportajın öz İnstagram səhifəsində paylaşması ilə əlaqəli olduğu güman edilir.

Sina Bəndəlizadə yanvarın 14-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, və daha sonra həmin şəhərin mərkəzi həbsxanasına köçürülmüşdü. Onun həbsindən sonra İnstagram səhifəsi silinib.

Sina Bəndəlizadə Instagram hesabında Heyran meşələrində yanğın, Xoy zəlzələsi, Germi şəhərində sel hadisəsi və Traktor futbol komandası matçları ilə bağlı reportajlar hazırlayıb sosial media platformalarında paylaşmışdı.