German Marshall Fondunun Azərbaycan üzrə məsləhətçisinin bank hesabına həbs qoyulub

German Marshall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli

Yanvarın 18-də German Marshall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli bank hesabına həbs qoyulduğu barədə paylaşım edib. Rəhimli deyir ki, həbs qoyulan şəxsi bank hesablarıdır:

"Həbsi "Kanal 13"ün rəhbəri Əziz Orucova qarşı açılan cinayət işi çərçivəsində qoyublar. Mənim bu işə yaxından-uzaqdan nə aidiyyatım var? Başa düşmürəm. 2018-dən bura media proqramlarımız da yoxdur ki, deyim bəlkə təmsilçisi olduğum GMF-in mümkün dəstəyinə görədir. Lap dəstəyi olsaydı belə, bunun mənim şəxsi hesablarıma nə aidiyyatı var?!".

Rəhimli qeyd edir ki, hökümətə yaxın dostlarının ehtimalına görə qərar siyasi deyil.

“Tamam, o zaman belə anlaşılır ki, bizim dövlət bildiyimiz, uğrunda çalışdığımız məfhum hansısa ərköyün bir istintaqın əlində oyuncaqdır? Əslində mənə lap əcəb edirlər. Son illər qayəm ancaq o olub ki, şəffaflıq və qanun naminə ölkənin vətəndaş cəmiyyətinə xaricdən dəstək tam leqal xarakter daşısın, maliyyə Azərbaycandakı tərəf müqabillərimizin bank hesablarına gəlsin, onlar vergi ödəyicisi olsunlar, sosial ayrımları vaxtında etsinlər ki, gələcəkdə pensiyaları olsun və s. Bu da “sağ ol”um. Keçən dəfə vətəndaş cəmiyyətinə işlər təşkil olunanda ailəm və özüm çox təhdid olunduq. Tərəf müqabillərimizə və ümumilikdə sivil topluma daha çox zərbə dəyməsin deyə bunların heç birini ictimailəşdirmədim, bu mövzularda publik fəaliyyətim çox olmadı. Bu dəfə yəqin başqa münasibət lazım olacaq”.

Rəhimli Amerikanın Səsinə açıqlamasında bildirib ki, qərarla bağlı ona xəbərdarlıq olunmayıb:

"Aylıq məvacibimi almağa gedəndə bankda bilmişəm ki, hesablarıma həbs qoyulub. Dünən çıxarışı götürmək üçün Səbayıl Rayon Məhkəməsinə getdim, sürətini də vermədilər, mən də ərizə yazdım. Dedilər 15 gün ərzində baxılacaq, çıxarışı alan kimi məhkəməyə müraciət edəcəm. Mənim Əziz Orucov işinə heç bir aidiyyatım yoxdur, niyə həbs qoyulması ilə bağlı təsəvvürüm belə yoxdur".

Rəsmi qurumlardan məsələ ilə bağlı mövqe bildirilməyib.

"Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucov ötən ilin noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə "Kanal 13"-ə giriş məhdudlaşdırılıb.

"Kanal 13" 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.