Ərdəbildə siyasi məhbus İbrahim Savalana qarşı əlavə ittiham irəli sürülüb

İbrahim Rəşidi (Savalan)

Təqribən 20 gün əvvəl Ərdəbil vilayətində nəzarət altına alınan tanınmış siyasi fəal İbrahim Rəşidi (Savalan) “nizama qarşı təbliğat” və “ictimai rəydə təşviş yaratmaq”da ittigam edilir.

Dekabr ayının 30-da İranın təhlükəsizlik qüvvələri tərəfindən Meşginşəhr (Xiyav) şəhərinin Mirkəndi kəndində saxlanılan fəal sorğu-sual üçün kəşfiyat şöbəsinin təcridxanasına göndərilmişdi. O, bazar ertəsi günü sorğu-sual prosesinin başa çatması ilə Ərdəbilin mərkəzi həbsxanasına köçürülüb.

İran Wire xəbər saytı və Abbas Lisani Telegram kanalı kimi mənbələrin yaydığı məlumata əsasən, İbrahım Savalanın ittihamları Meşginşəhr Ümumi və İnqilab Prokurluğunda oxunub. Prokuroloq həmçinin onun barəsində bir aylıq nəzarət qərarı çıxarıb.

“Cənab Rəşidinin öz yaxınlarına verdiyi məlumata görə, o, İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək və ictimai rəydə təşviş yaratmaq məqsədi ilə yalan məlumat yaymaq ittihamları ilə üzləşməkdədir” - deyə, Abbas Lisani kanalı bildirib.

İbrahim Savalan 1990-cı illərin sonlarında Urmiyə Universitetində təhsil aldığı vaxtdan mədəni və siyasi fəaliyyətlər ilə məşğul olub. O, həmçinin tələbə dərgiləri və İran Azərbaycanının müxtəlif şəhərlərində nəşr olunan türkcə-farsca dərgilər və qəzetlər üçün məqalələr yazmış və tələbələr tərəfindən təşkil edilən türk dili kurslarının müəllimi olmuşdur.