Yanvarın 17-də Nida Vətəndaş Hərəkatının üzvü, həmçinin III Respublika Platformasının qurucusu Araz Əliyev 25 sutka inzibati həbs müddəti başa çatdığı üçün azadlığa buraxılıb.
Əliyev dekabrın 23-də saxlanılıb, ertəsi gün məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə həbs edib.
Araz Əliyev Amerikanın Səsinə bildirib ki, saxlanılarkən zorakılığa məruz qalıb:
"Bununla bağlı vəkilim Nemət Kərimli Baş Prokurorluğa şikayət edib, onlar gəlib mənimlə görüşdülər. İnzibati həbsdə saxlanıldığım müddətdə bir problem olmadı, çox şey öyrəndim. Öz düşüncələrimdə və idealarımda daha da möhkəmlənmiş şəkildə çıxdım. İçəridə nə qədər fərqlilik olsa da, insan uğrunda mübarizə apardığı dəyərlərə sıx sarılmağı öyrənir".
Fəalın sözlərinə görə, həbs olunan zaman onun kimlə və niyə görüşəcəyi ilə bağlı suallar ünvanlanıb, əsas da III Respublika Platformasının fəaliyyəti ilə bağlı suallar verildiyini deyib.
"Mənim oradakı rolum, maliyyə mənbələri haqqında soruşurdular. Daha sonra isə konkret şəxslərin əleyhinə məndən ifadə almaq istəyirdilər, bununla bağlı müxtəlif təkliflər, hətta təzyiqlər, təhdidlər var idi. Mənə açıq-aşkar təklif olundu ki, əgər bizimlə hansısa formada razılaşsanız, yəni dostlarınız əleyhinə ifadə versəniz, biz sabah səni məhkəməyə çıxarıb kiçik miqdar pul qarşılığında xilas ola bilərsiniz. Mənə əsas dedikləri o idi ki, bu vaxta qədər gəlmisiniz, karyeranız olub, biz istəmirik sizin üçün pis olsun, sizin üçün hər şey bitəcək artıq, siz son nöqtədəsiniz", deyə Əliyev bildirib.
Araz Əliyev müsahibəsində qeyd edib ki, tələbə olarkən də dəfələrlə bu formada təzyiqlərə məruz qalıb, onda razılaşmayıbsa, 30 yaşında insanın belə təkliflərlə razılaşması gülünc olardı:
"Mən onlara da dedim, daha sonra çıxıb getdilər. Mənə dedilər ki, biz sabah yenə qayıdacağıq, bu söhbət yenə davam edəcək, başa düşürdüm ki, onların məni 48 saat saxlamaq imkanları var, amma həmin axşam nə oldusa məni səhəri gün tez-bazar məhkəməyə çıxardılar. Heç vəkilimlə əlaqə saxlamağa imkan vermədən, sadəcə qurama məhkəmə keçirməklə 25 sutka müddətinə inzibati həbs cəzası aldım. Dediyim kimi, çox sərt formada zorakılıq saxlanılarkən maşında oldu. Üzərimdəki elektron cihazların hamısı götürülüb, bu gün də harada olduqlarını bilmirəm".
III Respublika Platformasının spikeri Akif Qurbanov Amerikanın Səsinə bildirib ki, Əliyevin saxlanılması III Respublika Platformasının fəaliyyətilə bağlıdır.
7 dekabr 2023-cü ildə Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən III Respublika Platforması adlı siyasi təşkilat yaradılıb.