Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bakı şəhəri, Binəqədi rayonunda yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir nəfərin cəsədini tapıb. Bununla da ölənlərin sayı 9 nəfərə çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Partlayış yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb. Ötən gün 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Tibbi Ərzai Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yanvarın 16-da yaydığı məlumata görə, hazırda Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır.
Qeyd edilib ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir: "Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir".
Yanvarın 16-da Gürcüstanın Azərbaycandakı səfirliyi baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.
"Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi son dərəcə kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu çətin anlarda biz dost Azərbaycanın yanındayıq, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", başsağlığında deyilir.