Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Bakı şəhərində mebel sexində baş verən partlayışla bağlı kədərini ifadə edib.
“Bakıda baş verən partlayışdan kədərləndim. Düşüncələrim qurbanlar və onların yaxınları, eləcə də Azərbaycan hakimiyyəti ilədir”, Baş katib X səhifəsində yazıb.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov X səhifəsində Avropa Şurası Baş katibinə başsağlığına görə təşəkkürünü bildirib.
Yanvarın 15-də Bakının Binəqədi rayonunda mebel sexində yanğınla müşaiət olunan bir neçə partlayış baş verib. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, sexdə partlayış nəticəsində 24 nəfər xəsarət alıb.
“Onlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub”, məlumatda qeyd edilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb.