Bakıda mebel sexində partlayış zamanı azı 6 nəfər ölüb, 24 nəfər xəsarət alıb

Mebel sexi partlayışdan sonra (Mənbə: Fövqəladə Hallar Nazirliyi)

Yanvarın 15-də Bakının Binəqədi rayonunda mebel sexində yanğınla müşaiət olunan bir neçə partlayış baş verib. İlkin məlumatlara görə, partlayış nəticəsində azı 6 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Tibbi Ərzai Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.

“24 nəfər xəsarət alıb. Onlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.

Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub”, TƏBİB bildirir.

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir ki, ilkin araşdırmalar zamanı dağıntılar altından 6 nəfərin meyiti aşkar olunub.

Xəsarət alan şəxslərdən 3 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb.