Çin Xarici İşlər Nazirliyi və ölkənin dünya ölkələrindəki səfirlikləri bu həftə sonu ölkələrə Tayvanın Demokratik Tərəqqi Partiyasını (DPP) dəstəkləməmək barədə xəbərdarlıq edib və adanın prezidenti seçilmiş Lai Çinqdeni təbrik edən xarici hökumətləri qınayıb.
Şənbə günü DPP-nin prezidentliyə namizədi Lai seçkilərdə qalib gəldikdən sonra özünü idarə edən ada ilə yaxşı və çoxu əsas etibarilə qeyri-rəsmi münasibətləri olan bir neçə ölkənin nazirləri və siyasətçiləri Lai və DPP-yə təbrik mesajları göndəriblər.
Çin səfirlikləri buna dərhal reaksiya veriblər. Bu, Pekinin Tayvanı müstəqil suveren dövlətə çevirmək ümidi ilə “separatçı qüvvələr” hesab etdiyi namizədə və siyasi partiyaya legitimlik verən kimi görünən ölkələrlə bağlı həssaslığını nümayiş etdirir.
Tayvanda şənbə günü keçirilən prezident seçkilərində hakim partiyanın namizədi Lai Çinqde (Uilyam Lai) qalib gəlib. Bu nəticə özünü idarə edən demokratiyanın növbəti dörd il ərzində Çinlə münasibətlərinin trayektoriyasını müəyyən edəcək.
Pekin səsverməni müharibə və sülh arasında seçim adlandırıb. Çin qəti şəkildə tibbi karyerasını buraxıb siyasətə gələn Laiyə qarşı çıxır.
Seçkidən sonrakı mətbuat konfransında Lai tayvanlı seçicilərə təşəkkür edərək, onların “demokratiyamızda yeni bir səhifə yazdıqlarını” və Tayvanın “dünyadakı demokratiyalarla çiyin-çiyinə getməyə” davam edəcəyini deyib.
Lai və hazırkı prezident Tsai Ing-ven Çinin 1949-cu ildə vətəndaş müharibəsindən sonra Çin materikindən ayrılan Tayvana dair iddialarını rədd edirlər. Eyni zamanda, tayvanlılar qarşıdurmadan qaçmaq üçün Pekinə dəfələrlə dialoq qurmağı təklif ediblər, lakin Çin hakimiyyəti Tayvan liderlərini “separatçılar” adlandıraraq danışıqlardan imtina edir.
DPP-nin şənbə günü qazandığı tarixi qələbədən sonra Çin və ABŞ seçkinin nəticələrinə zidd reaksiya veriblər.
Qısa bəyanatda ABŞ Dövlət Departamenti Laini qələbə münasibətilə təbrik edib və Tayvan xalqını adanın güclü demokratik sistemi və seçki prosesinin “gücünü nümayiş etdirdiyi” üçün tərifləyib.
“Birləşmiş Ştatlar Dr. Lai Çinqdeni Tayvanda prezident seçkilərində qələbəsi münasibətilə təbrik edir. Biz həmçinin Tayvan xalqını öz güclü demokratik sisteminin və seçki prosesinin gücünü bir daha nümayiş etdirdiklərinə görə təbrik edirik”, ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında bildirilir.
Blinken həmçinin ABŞ-ın Tayvan və Çin arasında münasibətlərdə sülh və sabitliyin qorunmasına, habelə fikir ayrılıqlarının “məcburiyyət və təzyiq olmadan” sülh yolu ilə həllinə sadiqliyini vurğulayıb.
ABŞ prezidenti Co Baydendən Tayvanda seçkilərin nəticələri barədə nə düşündüyünü soruşduqda o, ABŞ-ın müstəqilliyi dəstəkləmədiyini bildrirərək, təfərrüatlara varmayıb.
Çin Kommunist Partiyasının Tayvan İşləri İdarəsi ciddi xəbərdarlıq edərək bildirib ki, seçki nəticələri Tayvanın əsas ictimai rəyini əks etdirmir.
“Tayvan Çinin Tayvanıdır və seçkilər boğazlararası əlaqələrin inkişafının əsas modelini və istiqamətini dəyişə bilməz,” Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhua verdiyi açıqlamada bildirib. “Nəticə vətənin nəhayət [Tayvanla] yenidən birləşəcəyi tendensiyasını dayandıra bilməz,” o əlavə edib.