Jurnalist Elnarə Qasımova saxlanılıb

Elnarə Qasımova

Yanvarın 13-də jurnalist Elnarə Qasımova şübhəli şəxs qismində saxlanılıb. Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə məlumat verib.

Vəkilin sözlərinə görə, jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.

Your browser doesn’t support HTML5

Jurnalist Elnarə Qasımova saxlanılıb

"Elnarə dedi ki, mən bu həbsi gözləyirdim və hazırlıqlı gəlmişdim. Həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir və bildirdi ki, heç bir cinayət törətməyib. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün 48 saat ərzində məhkəməyə çıxarılacaq. Biz hesab edirik ki, onun həbsi qanunsuz və əsassızdır. Dedi ki, mən möhkəməm, dostlarım narahat olmasın", deyə vəkil bildirib.

Jurnalist ifadə verməmişdən əvvəl bildirib ki, artıq ikinci dəfədir "Abzas Media" işi üzrə dindirilməyə çağırılır:

Your browser doesn’t support HTML5

Jurnalist Elnarə Qasımova "Abzas Media" işi ilə bağlı yenidən BŞBPİ-yə çağırılıb

"Mən həbs edilmək ehtimalımı düşünmüşəm, buna əsas isə Nərgiz Absalamovanın həbsidir. O da mənim kimi ikinci dəfə dindirilməyə çağırıldıqdan sonra həbs olunub. Həbs olunacağım halda bunun saxta ittihamla, şərlənmə üsulu ilə olduğunu bildirirəm. Həmin ittihamı qəbul etmirəm, biz sırf peşə fəaliyyətimizə görə bu rəftara məruz qalırıq".

Xatırlatma

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.

Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə, ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.

Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.

Jurnalist Nərgiz Absalamova isə noyabrın 30-u Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. "Abzas Media"nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da "qaçaqmalçılıq" ittihamı irəli sürülüb.

Dekabrın 13-də Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı da saxlanılıb. O, "Abzas Media" jurnalistlərinin işi üzrə istintaqa cəlb edilib.

Dekabrın 14-də Xətai Rayon Məhkəməsi Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı onlara qarşı ittihamı qəbul etmir və bunun "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.