2023-cü ildə dekabrın 7-də Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmağa dair niyyətlərini təsdiqləyən birgə bəyanatı iki ölkə arasında yekun razılaşmanın əldə olunması istiqamətində mühüm irəliləyiş kimi qiymətləndilir. Azərbaycan və Ermənistan arasında ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə çoxtərəfli və ikitərəfli görüşlər keçirilib. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsinə kömək etməyə hazır olduğunu bildirib. Yaxın zamanlarda Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri arasında ABŞ-ın vasitəçiliyi ilə danışıqların yeni raundunun keçirilməsi gözlənilir. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın sabiq diplomatı Riçard Hoqland Amerikanın Səsinə müsahibədə sülh prosesindən gözləntilər və ABŞ-ın səyləri haqda danışıb.
Amerikanın Səsi: Bir çox müşahidəçilər 2023-cü ili Azərbaycan və Ermənistan üçün bir dönüş nöqtəsi hesab etdiklərini bildirirlər. Onların fikrincə, hər iki ölkənin münasibətləri normallaşdırmaq niyyətlərini təsdiqləyən birgə bəyanat yayması yekun razılaşmanın əldə edilməsi istiqamətində mühüm irəliləyiş hesab edilə bilər. Bir çox ekspertlər sülh danışıqlarında uğur əldə edilməsi üçün real şansın olduğuna inanırlar. Səfir Hoqland danışıqlar prosesindən gözləntilər barədə fikirlərinizi bölüşə bilərsinizmi?
Riçard Hoqland: Bunu etməkdən məmnunluq duyuram və bu imkana görə sizə təşəkkür edirəm. Mən digər ekspertlərə qoşularaq deyərdim ki, bu, Cənubi Qafqazda, xüsusən də Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün əldə olunması üçün bəlkə də bu ölkələr müstəqillik əldə etdikdən sonra müşahidə etdiyimiz ən yaxşı, ən real imkandır. Bu, çox, olduqca vacib bir prosesdir.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Rusiyanın sülh prosesində rolu nədən ibarət olacaq? Dövlət Departamentinin sözçüsü bu yaxınlarda bildirib ki, Rusiya ABŞ-ın Ermənistan və Azərbaycanın ehtiyac duyduğu mühüm diplomatik səyləri həyata keçirməsinə mane olmur və ABŞ bu səyləri davam etdirəcək. Sizin fikrinizcə, Rusiyanın sülh prosesində rolu nə olacaq?
Riçard Hoqland: Əvvəla onu deyim ki, sülh prosesində rol oynayan təkcə Rusiya deyil. ABŞ 2023-cü ilin sentyabrından pərdə arxasında yer alırdı. Avropa İttifaqı. Bəli, Rusiya, amma Gürcüstan hökuməti kimi hətta regional hökumətlər də rol oynayıb. Beləliklə, yekun sülhə nail olmaq üçün iki tərəfi bir araya gətirməyə çalışan kənar [oyunçular] var idi. Lakin vacib olan hər iki liderin bu prosesə sadiq olmasıdır. Onların fərqli dostları var, istər ABŞ, istər Avropa İttifaqı, istərsə də Rusiya olsun və bir tərəf hansısa tərəfə digərindən daha çox meylli ola bilər. Lakin əsl məsələyə gələndə, həqiqi sülh üçün çalışanlar bunların ikisidir: Əliyev və Paşinyan. Bəli, ABŞ rəsmi olaraq bəyan etdi ki, Rusiya sülh prosesini dəstəkləmir və dəstəkləyə bilməz. İndiki məqamda bu doğrudur, çünki burada iki liderin özü - Əliyev və Paşinyan təşəbbüs göstərirlər və onlar kənar tərəfdarlara arxalanmırlar.
Məni ən çox narahat edən odur ki, söhbət real sənədin imzalanması və qüvvəyə minməsi məqamına gələndə Rusiya tərəfindən buna qarşı addımlar at;lacaq. Mən bunu nə üçün deyirəm? Ona görə ki, Qarabağ keçmiş Sovet İttifaqının ən uzun sürən münaqişələrindən biri idi. Azərbaycanda Ermənistanın iştirakı ilə Qarabağ, Moldovada Dnestryanı, Gürcüstanda Cənubi Osetiya və Abxaziya və təbii ki, Ukraynada, Donetsk və Luqanskda qaynar müharibə Rusiyanın həll etməyə çalışmadığı münaqişələrdir, çünki bu, həmin ölkələri Rusiyanın orbitində saxlayır. Və əgər Azərbaycan və Ermənistan real və davamlı sülhə nail olmaq üzrə olsalar, bu, onlara müəyyən qədər ittifaqlarını dəyişmək azadlığı verəcək və mən qorxuram ki, Rusiya buna imkan verməyəcək.
Rusiya Ukraynada qeyri-qanuni müharibəsi ilə tamamilə çıxılmaz bir duruma düşüb, lakin bununla belə siyasi addımlar ata bilər. Paşinyan ölkəsində çox “nazik buz” üzərindədir. Erməni Apostol kilsəsi bu prosesdə onunla yollarını ayırıb. Separatçı Qarabağın keçmiş rəhbərliyi bu məsələdə onunla yollarını ayırıb. Buna baxmayaraq, indiyə qədər əhalinin əksəriyyəti onun tərəfindədir. Lakin Rusiya sülhü dəstəkləməyən digər qruplardan birindən istifadə edib Ermənistan hökuməti ilə problem yaratmaq üçün nəsə edə bilər. Bu da mənim qorxduğum şeydir. Mən bunun baş verəcəyini proqnozlaşdırmıram. Allah bunu göstərməsin. Ancaq mən qorxuram ki, bu, bizim fərqində olmalı olduğumuz bir problemdir.
Amerikanın Səsi: ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesində fəal iştirak edib, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüşə ev sahibliyi edib. ABŞ həmçinin prosesin irəliləməsinə kömək etməyə hazır olduğunu bildirib və iki xarici işlər nazirləri arasında tezliklə Vaşinqtonda danışıqların yeni raundunun keçiriləcəyi gözlənilir. Vaşinqtonun sülh prosesində hansı rol oynaması gözlənilir və ABŞ-ın əldə etmək istədiyi məqsədlər nədən ibarətdir?
Riçard Hoqland: Fikrimcə, ABŞ-ın indi gördüyü iş liderlərin özlərinə - Paşinyan və Əliyevə birgə işləmək üçün platforma yaratmaq, bu proses üçün böyük beynəlxalq platforma yaratmaqdan ibarətdir. Amma ABŞ bu və ya digər tərəfə təzyiq göstərə bilməz, çünki hər iki tərəfin özünün bir araya gəlməsi lazımdır. Buna görə də ABŞ dəstəkləyici rol oynayır, lakin gələcəklə bağlı hər hansı bir şərt diktə etməyəcək. ABŞ bunu edə bilməz. Sülh bu yolla əldə edilə bilməz.
Amerikanın Səsi: Keçən il Azərbaycan və Ermənistan arasında çoxtərəfli və ikitərəfli danışıqlar aparılıb. Bu danışıqlar iki ölkə arasında mümkün sülh razılaşması ilə bağlı gözləntiləri artırıb. Amma eyni zamanda, bəzi müşahidəçilər sülh sazişinin tezliklə imzalanacağı ilə bağlı şübhələrini ifadə edərək, iki ölkə arasında hələ də müəyyən məsələlərin həll edilməməiş məsələlərin olduğunu qeyd edirlər. Azərbaycan və Ermənistanın həll etməli olduğu əsas məsələlər hansılardır və beynəlxalq ictimaiyyət bu problemlərin həllində necə kömək edə bilər?
Riçard Hoqland: Kənardan baxanda asan həll oluna bilən, nisbətən kiçik görünən problemlər var. Məsələn, Azərbaycanın Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan eksklavına çıxışı, iki ölkə arasında sərhədin yekun rəsmi və beynəlxalq-hüquqi delimitasiyası məsələsi var. Keçmiş Sovet İttifaqının digər ölkələri də illərdir oxşar məsələlər üzərində işləyiblər. Beləliklə, bunlar nisbətən kiçik, lakin həll olunması lazım olan problemlər kimi görünürdü. Bir daha deyirəm ki, mən iki liderə güvənirəm. Onlar sülh istəyirlər. Onlar başa düşürlər ki, sülh onların xalqlarına uzunmüddətli təhlükəsizlik və firavanlıq gətirəcək. İndi vacib olan budur. Buna görə də gəlin buna ümid edək və iki liderin buna nail ola biləcəyinə və bunu edəcəyinə ümid edək.
Amerikanın Səsi: Bəzi müşahidəçilər ABŞ-ın Avropa və Yaxın Şərqdə davam edən münaqişələrlə həddən artıq məşğul olduğunu və resursların tükəndiyini iddia edirlər. Onların Cənubi Qafqazın hazırda əsas diqqəti Ukrayna və Yaxın Şərqdə münaqişələrə yönəlmiş ABŞ-dan lazımi diqqət ala biləcəyi və prioritet olub-olmayacağını sual altına alırlar. Siz bu haqda nə düşünürsünüz? ABŞ iki böyük münaqişəyə diqqət yetirdiyi bir vaxt Cənubi Qafqaz prioritet olacaqmı?
Riçard Hoqland: Siz haqlısınız. Belə görünür ki, Birləşmiş Ştatlar eyni anda bir məsələ ilə məşğul ola bilər. Sizi əmin edə bilərəm ki, ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında, Müdafiə Nazirliyində, Ticarət Departamentində həqiqətən bu məsələ ilə məşğul olan çox sayda ekspertlər var. Onların işi gündəlik xəbər başlıqlarında yer almır, lakin qəzetdə və ya internetdə bu başlıqları görməməyiniz işin görülmədiyi demək deyil. İş həqiqətən də davam edir. Bir daha təkrar edirəm, Birləşmiş Ştatlar heç bir həll yolunu qəbul etdirə bilməz və bunu etməyəcək, amma liderlərin özlərinin bir-biri ilə rahat danışa bilməs üçün şərait yaratmağa çalışır. Vaşinqtonda keçiriləcək növbəti görüş də məhz bununla bağlı olacaq. Bizim vəzifəmiz “siz bu problemi həll etməlisiniz” demək deyil. Biz deməliyik ki, “burada sizin danışıqlar apara bilməniz üçün yer var. Biz sizə kömək etmək üçün əlimizdən gələni edəcəyik, lakin son qərar sizin olmalıdır. Hərəkətə keçin.”
Amerikanın Səsi: Yaxın Şərqdə münaqişənin potensial eskalasiyası ilə bağlı narahatlıqlar artır. Eyni zamanda, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi davam edir və Moskva Kyiv qüvvələrinə qarşı dron və raket hücumlarını gücləndirir. Sizin fikrinizcə, Ukraynada və Yaxın Şərqdə davam edən münaqişələrin Qafqazda duruma və regionda sülh perspektivlərinə hansı təsirləri ola bilər? Bununla bağlı əsas narahatlıqlar nədən ibarətdir?
Riçard Hoqland: Keçmiş amerikalı diplomat kimi mənə həmişə öyrədilib ki, “büllur şar” yoxdur, siz gələcəyi görə bilməzsiniz, ona görə də gələcəklə bağlı heç bir proqnoz verməyin. Düşünürəm ki, indi ən vacib məsələ, dediyim kimi, hər iki tərəfin problemi həll etmək üçün bir araya gəlməsinə şərait yaratmaqdır. Birləşmiş Ştatlar hazırda bunu edir. ABŞ-ın burada xüsusi bir marağı yoxdur. Təbii ki, qeyd etdiyiniz kimi, dünyanın başqa yerlərinə diqqət yetirilir, lakin biz bu [prosesdə] iştirak edirik. Biz regiona böyük töhfə verəcək sülh üzərində işləmək üçün bu iki ölkənin bir araya gələ biləcəyi bir məkan yaradırıq.