Urmiyə gölü yaxınlığında keçirilən aksiya ilə bağlı tutulanlardan bəzilərinin adları məlum olub

Qara Qışlaq kəndi sakinlərinin etiraz aksiyası (Mənbə: Araz News saytı)

Urmiyə gölünün şimal sahillərində yerləşən Qara Qışlaq kəndinin ərazisi və otlaqlarında böyük sodium karbonat zavodunun tikintisinə qarşı keçirilən etiraz aksiyaları ilə əlaqədar çox sayda kənd sakininin nəzarət altına alındığı bildirilir.

Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) və HRA agentliyi kimi mənbələr bəzi tutulanların siyahısını yayıblar.

Haşım Rzayi, Yusuf Mətləbi, Tohid Məliki, Mehdi Məliki, Rəhim Talibi (85 yaşında), Səfər Rai (60 yaşında), Qulam Məliki (50), Qulam Həqiqət (80), Qəmbər Əmani (70), Hidayət Əmcədi (60), Məhərrəm Həqiqət (70), Murtəza Təyyar (45), Tohid Əkbəri (40) və 70 yaşındakı anası, Əhməd Parsa, üçü də azyaşlı uşaq sahibi olan Susənbər, Süməyyə və Elnaz Əlipur, Səidə Əhmədi (ev xanımı), Lətifə Mövlayi, Rubab Əlipur və Susən Qaffarinin adları siyahıda yer alıb.

Qara Qışlaq kəndi Qərbi Azərbaycan vilayətinin Salmas şəhərinin Ləkistan bölgəsində yerləşib. Rəsmi dövlət agentliyi İRNA-nın bildirdiyinə görə, sodium karbonat fabrikinin tikintisi bölgənin 300 hektarlıq ərazisində başladılıb. Ancaq, sosial şəbəkələrdə səs faylları yayılan bölgə əhalisi 500 hektara yaxın ərazinin zəbt edildiyini söyləyirlər.

Onsuz da Urmiyə gölü ətrafında yaşanan ekoloji fəlakətdən əziyyət çəkən kənd sakinləri fabrikin işə düşməsi ilə su və ətraf mühit böhranının daha da kəskinləşəcəyindən qorxurlar.

SEE ALSO: Urmiyə gölünün yaxınlığında polis qüvvələri aksiya keçirən kəndlilərə hücum edib

Qara Qışlaq sakinləri fabrikin tikiltisinə etirazlarını həftələr əvvəldən başladıblar. Amerikanın Səsinin bölgədən əldə etdiyi məlumata görə, İranın təhlükəsizlik qüvvələri keçən həftələrdə də bəzi kənd sakinlərini nəzarət altına alıb və bir neçə gün sonra sərbəst buraxıblar. Ancaq, olaylar ilk dəfə keçən günlərdə əhalinin Cəbəl adlandırddığı sahil bölgəsində keçirilən etiraz aksiyasının polis qüvvələrinin güc tətbiqi ilə dağıdılmasından sonra sosial medianın gündəminə gəlib.

Əhali ortaq otlaqları olan “Cəbəl” bölgəsinin dövlət tərəfindən zəbt edilib və “Kaveh Soda” adlı şirkətə verilməsinə etiraz edir. Onlar həmçinin deyir ki, zavodun su etiyacı üçün qazılacaq quyular bölgədə su böhranını dərinləşdirib və buraxılacaq tullantı sular bölgənin suyunu və torpağı çirkləndirəcək.

Salmas şəhərinin icra başçısı Zəbihullah Kazımi fabrikin çevrəyə vuracağı ziyanlarla bağlı yayılan məlumatın doğru olmadığı irəli sürüb. Ancaq, icra başçısının açıqmaları da fabrikin su ehtiyacının Urmiyə gölünün su haqqından təmin olunacağı və tullantı suların Urmiyə gölünə buraxılacağını ortaya çıxıb.