ABŞ qanunvericiləri bu həftə üç həftəlik tətil fasiləsindən sonra Respublikaçıların Ukraynaya daha çox yardım göndərilməsinə səs verməsi müqabilində sərhəd təhlükəsizliyi ilə bağlı razılaşma üzərində işi davam etdirmək üçün iclasa qayıdıb.
Razılaşmanın əsas müzakirəçilərindən biri, Demokrat senator Kris Mörfi çərşənbə axşamı jurnalistlərə bildirib ki, "biz bu danışıqların əvvəlindən bəri razılığa gəlməyə daha yaxınıq. Kaş ki, bu vəziyyətdə olmayaydıq. Arzu edirəm ki, Senat Respublikaçıları Ukraynaya inandıqları üçün Ukrayna yardımını dəstəkləsinlər. Kaş ki, biz Ukraynaya dəstəyi Amerika siyasətindəki ən çətin məsələnin – immiqrasiya islahatının həlli ilə şərtləndirməyəydik”.
Ağ Evin tələb etdiyi 106 milyard dollarlıq milli təhlükəsizlik planına sərhəd təhlükəsizliyi üçün maliyyə, eləcə də İsrailə təxminən 14 milyard dollar yardım və Çinin yaratdığı təhlükə ilə mübarizə üçün Tayvana maliyyə ayrılması daxildir.
Senat müzakirəçiləri Konqresin üç həftəlik tətili zamanı uzaqdan iclaslarını davam etdirib.
“Sərhəddəki vəziyyətii yaxşılaşdırmaq üçün razılaşma uğrunda çox çalışırıq. Lakin dünyanın sözün əsl mənasında müharibədə olduğunu xatırlamaq da vacibdir. Bu, Berlin divarı yıxılandan sonra üzləşdiyimiz ən ciddi beynəlxalq vəziyyətdir”, deyə Senatın azlıq lideri Mitç Makkonnell çərşənbə axşamı jurnalistlərə bildirib.
Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı işğala başladıqdan sonra ABŞ Ukraynanı silahlandırmaq və dəstəkləmək üçün 100 milyard dollardan çox vəsait ayırıb və prezident Co Bayden Konqresdən əlavə 60 milyard dolların təsdiqlənməsini istəyib.
Konqresdəki Respublikaçılar Ukraynanın müdafiəsini davam etdirməyin zəruriliyinə şübhə ilə yanaşırlar. Pentaqon dekabrın 27-də Ukrayna üçün 250 milyon dollarlıq yeni təhlükəsizlik yardım paketi elan edib ki, bu paketə yer-hava raket sistemləri, artilleriya mərmiləri və daha çox hava hücumundan müdafiə komponentləri üçün əlavə sursatlar daxildir. Pentaqonun Ukraynaya hərbi yardım göstərmək üçün hələ də 4 milyard dollar vəsaiti var, lakin ABŞ ordusunun ehtiyatlarını artırmaq üçün heç bir vəsait yoxdur.
Rəsmilər Amerikanın Səsinə bildiriblər ki, Konqres əlavə maliyyə ayırmayınca yeni yardım paketləri gözlənilmir.
Senatdakı Respublikaçılar Ukrayna üçün hər hansı əlavə pulun təsdiqini onun cənub sərhədində ABŞ-a qeyri-qanuni yollarla daxil olan insanların sayını azaltmaq və artıq ölkədə olan bəzilərini ölkədən çıxarmaq məqsədi daşıyan immiqrasiya qaydalarının eyni vaxtda gücləndirilməsi ilə şərtləndiriblər.
Çoxsaylı xəbər təşkilatlarının məlumatına görə, 2023-cü ilin dekabrında təqribən 300 000 nəfər ABŞ-Meksika sərhədini keçib. Bu təxmin ABŞ-Meksika sərhədində qeydə alınan ən yüksək sayda keçidi göstərir. Senatda bir razılaşma qəbul edilsə belə, Respublikaçıların çox dar səs çoxluğuna sahib olduğu Nümayəndələr Palatasında sənəd təsdiqlənməyə bilər.
Respublikaçılar sərhəd divarının tikintisini davam etdirəcək və sığınacaq axtaranlara yeni məhdudiyyətlər qoyacaq H.R. 2 adlı öz qanunlarını təklif edib.
Nümayəndələr Palatasındakı Respublikaçılar əhəmiyyətli bir qrupu Ukraynaya əlavə yardımın əleyhinədir və partiya oktyabrın əvvəlində qanunun qəbulu üçün Demokratlarla əməkdaşlıq edən spikerə səs verib.