Dünən, yanvarın 9-da Tehran Universitetinin azərbaycanlı tələbəsi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agebtliyinin yaydığı məlumata görə, tələbə fəalı Məhəmməd Şəbahəti Tehrandakı şəxsi evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və naməlum yerə aparılıb.
Onun həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat yoxdur.
"Ölkə Tələbələri Sinfi Şuraları" Telegram kanalı onunla bağlı yazıb ki, Məhəmməd Şəbahəti 2022-ci il dekabrın 7-də ümummilli etirazlar fonunda universitetin mühafizə məmurları tərəfindən döyülərək təhlükəsizlik qüvvələrinə təhvil verilmişdi. 33 günlük həbsdən sonra o, 1 milyard tümən girov müqabilində müvəqqəti olaraq Evin həbsxanasından azadlığa buraxılmışdı.
Onun son həbsi keçən il yanvarın 9-da həbsdən müvəqqəti azad olunmasının ildönümünə təsadüf edib.
Müvəqqəti azadlığa buraxıldıqdan sonra Tehran Universitetinin nizam-intizam komitəsi onu iki semestr təhsildən məhrum edib.
Tələbə fəalı olan Məhəmməd Şəbahəti əslən İran Azərbaycanından olub Tehranda yaşayır. Şəbahətinin əslən Sarab şəhərindən olduğu bildirilir. O, Tehran Universitetinin sosial elmlər fakültəsinin antropologiya ixtisası üzrə tələbəsidir.