Respublika Perinatal Mərkəzdə baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
Baş Prokurorluq bildirir ki, ilkin istintaq tədbirləri nəticəsində tibb müəssisəsinin 3 vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib. Bunlar mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlidir. Hər üç vəzifəli şəxs yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmamasında şübhəli bilinir.
Məlumatda deyilir ki, tibbi avadanlıqlardan təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilməsi, yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmaması, elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın nəticəsində 4 körpə ölüb və müəssisəyə ciddi əmlak ziyanı dəyib.
İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.