Yanvarın 9- da Azərbaycan Ali Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Mirzəyevin kassasiya şikayətinə baxılıb.
Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə açıqlamasında bildirib ki, məhkəmə iclası vəkil və təqsirləndirilən şəxsin iştirakı olmadan baş tutub.
"Cəfər Mirzəyevin vəkili Nemət Kərimli kassasiya şikayəti vermişdi. Bu gün vəkil Bakıda olmadığı üçün məhkəməyə gedə bilməyib. Əgər kassasiya şikayətini müttəhim özü versəydi vəkilin iştirakı olmadan məhkəmənin keçirilməsini başa düşmək olardı. Bu halda isə nə vəkil, nə də Cəfər Mirzəyev olmadan hakim işə baxdı və kassasiya şikayətini təmin etmədi. Qanunla bu mümkündür, lakin məntiqi cəhətdən bu hal absurddur. Əgər şikayəti vəkil veribsə, onun iştirakı ilə baş tuta bilərdi. Məhkəmə iclası ümumilikdə 4 dəqiqə ərzində yekunlaşdı"- hüquq müdafiəçisi qeyd edib.
2023-cü ilin yanvarında Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Cavid Hüseynov Cəfər Mirzəyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub.
Cəfər Mirzəyev Almaniyadan qayıtdıqdan sonra 2021-ci ilin payızında narkotik maddə alveri ittihamı ilə həbs edilən 6 fəaldan biridir.
O, istintaq dövründə işgəncələrə məruz qaldığını bildirib. AXCP üzvü həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.