ABŞ-ın Azərbaycandakı səfirliyi Respublika Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib.
"Bu gün Respublika Perinatal Mərkəzində baş verən yanğında həyatını itirən dörd körpənin ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik", səfirlik X platformasında qeyd edib.
Yanvarın 9-da gecə saatlarında Bakının Xətai rayonunda yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşaq həlak olub.
Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.