Yanvarın 9-da gecə saatlarında Bakının Xətai rayonunda yerləşən Respublika Perinatal Mərkəzində baş vermis yanğın nəticəsində dörd azyaşlı dünyasını dəyişib.
Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatında deyilir ki, yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində mərkəzdə olan şəxslər təxliyə olunub.
Məlumatda qeyd olunub ki, hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunub: "Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub".
Həmçinin Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Yanğının səbəbləri barədə hələ məlumat verilmir.
Yeni Klinikanın Neonotologiya şöbəsinin müdiri Əkbər Quliyev yerli mediaya deyib ki, yanğından təxliyə olunan 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş Yeni Klinikaya yerləşdirilib.
Həkimin sözlərinə görə, onların vəziyyətləri stabildir, lazımi müdaxilə edilib və müalicələri davam edir.
Öz növbəsində İsrailin Azərbaycandakı səfiri George Deek Respublika Perinatal Mərkəzində 4 körpənin ölməsi ilə bağlı Azərbaycana başsağlığı verib.
“Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, səfir X platformasında qeyd edib.