Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi yanvarın 10-da Ətraf Mühit Fəalları Evinin Təbriz Elektrik Stansiyasına qarşı şikayətinə baxacaq.
Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən qeyri-hökümət təşkilatı Ətraf Mühit Evi Təbrizdəki istilik elektrik stansiyasını ətraf mühit və havanı çirkəndirməsi ilə əlaqədar məhkəməyə verib.
Nasr News (nasrnews.ir) internet portalı bu barədə Ətraf Mühit Evinin müdiri Əhməd Rəhmaninin açıqlamalarını dərc edib.
Rəhmani Təbrizdəki istilik elektrik stansiyasının xüsusilə mazut yandırması səbəbilə Təbriz şəhərinin havasının çirklənməsinə səbəb olan ən önəmli amillərdən biri olduğunu ifadə edib.
“Azərbaycan Ətraf Mühit Fəallarının Evi olaraq Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının əməkdaşlığı və vəkillər Əsgər Məhəmmədi və Mehdi Zəhiri ilə birlikdə bu çirkəndirici şirkət haqqında şikayətimizi 2 il öncə başlatdıq. İrəli sürdüyümüz şikayətə bir neçə mərhələdə baxılıb və məhkəmənin son iclası isə yanvarın 10-da təşkil olunacaq”, qeyri-hökümət təşkilatının müdiri bildirib.
Əhməd Rəhmani Təbrizdəki istilik elektrik stansiyasının havanın çirklənməsinə səbəb olmasının yeni bir mövzu olmadığını ancaq bütün etirazlara rəğmən vəziyyətin davam etdiyini vurğulayıb.
SEE ALSO: Təbrizdə mazut yandırılması üzündən havanın çirklənməsi təhlükəli səviyyədə qalmaqda davam edirKeçən həftələrdə soyuqların düşməsi ilə birlikdə dəfələrlə Təbriz və ətrafındakı şəhər və qəsəbələrdə havanın çirklənməsinin təhlükəli səviyyəyə çatdığına dair xəbərdalıq elan edilib. Həmçinin Təbriz və Üskü şəhərlərində məktəblər bir neçə dəfə bağlanıb.