Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyasının binası qarşısında intihar etməsilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19.00 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi başlanıb. Təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir”, rəsmi məlumatda deyilir.
Bundan əlavə Zaur Məmmədovun dostu Aşur Bədəlsoy sosial media hesabında vəkilin özünə qəsd etməsinin mümkün səbəbləri haqda yazıb. Onun sözlərinə görə, Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqi onu çətin vəziyyətdə qoyub.
Aşur Bədəlsoy deyib ki, dostu ilə sonuncu dəfə dekabrın 29-da “Whatsapp” üzərindən danışıb. Zaur Məmmədov bildirib ki, həmin müstəntiqlə görüşəcək, problem həllini tapmasa, özünü öldürəcək.
“Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10 min manat pul verdiyini dedi. İşin həll olunmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin də bunu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyini dedi. Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını dedim. Səbrli olmağını dedim”, Aşur Bədəlsoy qeyd edib.
Öz növbəsində Azərbaycanın yerli media agentliyi APA-nın yaydığı məlumata görə, vəkil Zaur Məmmədovun qardaşı Seymur Məmmədov onun intihar etməsi üçün bir səbəbin olmadığını bildirib.
Qardaşı onun nə borcunun olduğunu, nə də bir istəklisinin olmadığını qeyd edib.
Vəkil Zaur Məmmədov yanvarın 1-də intihar edib. Hadisənin yanvarın 1-də Bakının Ceyhun Hacıbəyli küçəsində, Vəkillər Kollegiyasının binası qarşısında baş verdiyi bildirilir.
Salyan rayon Vəkil Bürosunun üzvü olan Zaur Məmmədov üzərinə benzin tökərək, özünü yandırıb. Məlumatda deyilir ki, o, aldığı yanıq xəsarətlərindən ölüb.
Zaur Məmmədovun 5 ildir vəkil fəaliyyətilə məşğul olduğu bildirilir.