Həbsdə olan siyasi funksioner Tofiq Yaqublunun qızı Nigar Həzi dekbarın 31-də Bakı istintaq təcridxanasında onunla görüşüb.
Bu barədə Amerikanın Səsinə Nigar Həzi bildirib.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, bu, Tofiq Yaqublunun həbs olunandan sonra ikinci görüşdür.
“Ümumən saxlanma şəraitindən şikayəti yoxdur. Baxmayaraq ki həbsdədi, əhval- ruhiyyəsi çox yaxşı idi. Mübarizə əzmindədir. Həbsxanada görüşəndə belə bildirdi ki, mübarizəsini sona qədər davam etdirəcək”, Nigar Yaqublu bildirib.
Nigar Yaqublu qeyd edir ki, həbsdən öncə Tofiq Yaqublunun səhhətində problemlər var idi və o problemlər hələ də qalmaqda davam edir.
“Təəssüf ki, bu dəfə də şüşəarxası görüşdük. Çünki açıq və normal görüş olmadı. Müstəntiq tərəfindən heç bir rəsmi qadağa yoxdur. Ona görə də mən düşünürəm ki, onunla artıq normal görüşməliyik. Bəxtimizdən bu il sovqat aparmaq bizim yeni ilimizə təsadüf edirdi. Həm bu münasibətlə onun sovqatını verə bildik , həm də biz onu gördük. Onun yeni ilini təbrik elədik. Düşünürəm ki, bu il Tofiq Yaqublu və eləcə də bütün siyasi məhbusların həbsdə olduqları son yeni il olsun. Gələn il hər kəs öz evində , azad demokratik cəmiyyətdə keçirmək diləyi ilə”, o bildirib.
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib.