İsrail Qəzza şəhərinə yeni hücumlara başlayıb

İsrailin Qəzza zolağı ilə sərhədindən çəkilmiş bu fotoda İsrailin zərbələrindən sonra Qəzzanın mərkəzi üzərində tüstünün qaldxığı göstərilir, 31 dekabr 2023.

İsrail bazar günü HƏMAS militantlarına qarşı yeni bomba zərbələri endirməyə başlayıb. Xəstəxana rəsmiləri Qəzza şəhərində ən azı 35 nəfərin öldüyünü və 2024-cü ilin gəldiyi bir vaxtda döyüşlərin bitəcəyinə dair heç bir işarənin olmadığını bildirib.

İsrail qüvvələri Aralıq dənizi boyunca Fələstin ərazisi olan Qəzza zolağının mərkəzi hissəsini hədəf alıb, eləcə də cənubda Qəzzanın ikinci ən böyük şəhəri olan Xan Yunisdə Misirlə sərhədə doğru əməliyyatlar həyata keçirib.

İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü yəhudi dövlətinin HƏMAS-ın İsrailin cənubuna oktyabrın 7-də hücumuna cavab olaraq keçirdiyi hücumun beynəlxalq atəşkəs çağırışlarının artmasına baxmayaraq, “bir neçə ay” davam edəcəyini proqnozlaşdırıb.

HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi bildirib ki, Qəzza şəhərinin bir gecədə bombalanması nəticəsində 18 cəsəd aşkar edilib və daha çoxunun dağıntılar altında qaldığına inanılır.

“Partlayışdan sonra biz zərbənin endirildiyi yerə gəldik və hər yerdə şəhidləri gördük. Uşaqlar hələ də itkin düşüb, onları tapa bilmirik” - deyə, binanın vurulmasından sonra yerli sakinlərdən biri Fransa xəbər agentliyinə bildirib.

İsrail ordusu quruda çoxsaylı döyüşlər, hava və tank zərbələri nəticəsində düşmənin ona yaxın döyüşçüsünü məhv etdiyini bildirib və HƏMAS-ın daha çox tunelləri və uşaq bağçasına yerləşdirilmiş partlayıcı maddələrini aşkar etdiyini bildirib.

BMT-nin məlumatına görə, münaqişənin üç ayının tamam olması yaxınlaşdığı zaman Qəzzanın 2,3 milyon əhalisinin təxminən 85 faizi didərgin düşüb. BMT çarəsiz ailələrin soyuq qış mövsümü müvəqqəti çadırlarda sığındığı bir vaxt aclıq və xəstəlik riskinin artacağı barədə xəbərdarlıq edib.

Netanyahu şənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Qəzza zolağı ilə Misir arasındakı sərhəd zonası ərazinin demilitarizasiyasını təmin etmək üçün İsrailin nəzarəti altında olmalıdır.

Əgər İsrail sərhəd bölgəsinə nəzarəti ələ keçirsə, bu, İsrailin 2005-ci ildə Qəzzadan qüvvələrini çıxarmasından faktiki olaraq geri çəkilməsi və HƏMAS-ın uzun illər nəzarətindən sonra bölgənin yenidən İsrailin nəzarətinə keçməsi demək olacaq.

Netanyahunun bildirdiyinə görə, İsrailin Fələstin ərazisində keçirdiyi hərbi kampaniya zamanı 8 minə yaxın militant öldürülüb.

HƏMAS-ın idarə etdiyi Qəzzanın səhiyyə nazirliyi şənbə günü bildirib ki, oktyabr ayında başlayan müharibədən bəri 21,672 fələstinli ölüb, 56,000-dən çox insan isə yaralanıb. Nazirlik mülki şəxslər və döyüşçülər arasında itkilərdə fərqi göstərmir.

İsrail HƏMAS-ın Qəzzada nəzarətinə son qoymaq üçün hərbi kampaniyaya oktyabr ayında militant qrupun İsrailə hücumundan sonra başlayıb. İsrail HƏMAS-ın hücumunda təxminən 1200 nəfərin öldürüldüyünü və 240-a yaxın insanın girov götürüldüyünü, 129 nəfərin isə hələ də HƏMAS tərəfindən Qəzzada saxlanıldığına inanıldığını bildirib.

İsrail hərbi qüvvələri indiyədək döyüşlərdə 170 hərbçisinin həlak olduğunu bildirib.

“Addım-addım HƏMAS-ı imkanlarından məhrum edirik. Onların liderlərini də aradan qaldıracağıq” - deyə, Netanyahu bildirib.

O, bütün girovları geri qaytaracağına söz verib.

Yüzlərlə nümayişçi şənbə günü Təl-Əvivdə yürüş keçirərək, hökumətdən girovların azadlığa buraxılmasını təmin etməyi tələb edib.