Təbrizdə mazut yandırılması üzündən havanın çirklənməsi təhlükəli səviyyədə qalmaqda davam edir

İranın xəbər agentlikləri Təbrizdəki istilik elektrik stansiyasında mazut yandırılmasını təsdiqləyiblər. Rəsmilər keçən günlərdə stansiyada mazut yandırılmasına dair xəbərləri təkzib etmişdilər.

Rəsmi dövlət agentlikləri İRNA və İRİB şənbə günü bu barədə Şərqi Azərbaycan Ətraf Mühit İdarəsinə istinadən məlumat yayıblar.

Ətraf Mühit İdarəsinin baş müdiri Şəhnam Əştəri mazutun Təbrizdə havanın çirklənməsində ciddi təsiri olduğunu bildirib.

Əştəri deyib ki, “ümid edirəm ki, Təbriz istilik elektrik stansiyasının müdirləri lazımi addımları atıb və yanacağı dəyişdirərək tez zamanda Təbrizdə ətraf mühitin çirklənməsinə mane olacaqlar.”

Keçən həftələrdə soyuqların düşməsi ilə birlikdə dəfələrlə Təbriz və şəhərə yaxın bölgələrdə havanın çirklənməsinin təhlükəli səviyyəyə çatdığına dair xəbərdalıq elan edilib.

SEE ALSO: Umud Şükri: İranda enerji böhranı milli təhlükəsizlik məsələsinə çevirilib

Ətraf Mühit İdarəsi şənbə günü dekabrın 30-da da Təbrizdə havanın həssas qruplar üçün təhlükəli olduğuna dair xəbərdarlığı yeniləyib.

İdarənin yayımladığı xəbərdarlıq tövsiyələrində ürək, böyrək və ağciyər xətəlikləri olan insanlar, hamilə və laktasiya edən qadınlar, eləcə də yaşlılar və uşaqlardan şəhər daxilində gəzmək və ağır fəaliyyətlərdən uzaq durmaları istənilib.