Human Rights Watch insan hüquqlarını müdafiə təşkilatı dekabrın 19-da yaydığı bəyanatda Azərbaycanda son günlərdə jurnalistlər və müxalifət nümayəndələrinin həbsini qınayıb və Azərbaycan hakimiyyətini həbs edilənləri dərhal azad etməyə çağırıb. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reycel Denber Amerikanın Səsinə müsahibədə Azərbaycanda media və müxalifət nümayəndələrinə qarşı təzyiqlər haqda danışıb.
Amerikanın Səsi: Human Rights Watch təşkilatı son bəyanatında müxalifət lideri Tofiq Yaqublunun həbsini Azərbaycanda hökumətin tənqidçilərə qarşı təqiblərinin bir hissəsi olaraq tənqid edib. Siz Azərbaycanda son zamanlar jurnalistlər və müxalifət nümayəndələrinin həbsi ilə bağlı nə düşünürsünüz?
Reyçel Denber: Düşünürəm ki, bu, hazırda müzakirə olunmalı son dərəcə önəmli olan, həqiqətən də çox vacib bir mövzudur. Tofiq Yaqublunun həbsi jurnalistlərə, müxalifətçilərə, hüquq müdafiəçilərinə və faktiki olaraq hakimiyyəti açıq şəkildə tənqid edən hər kəsə qarşı daha geniş basqılar fonunda baş verir. Düşünürəm ki, sualınıza cavab verməzdən əvvəl auditoriyaya xatırlatmaq lazımdır ki, Azərbaycanda istər söz, istərsə də toplaşmaq və birləşmək azadlığı kimi fundamental azadlıqlar uzun müddətdir repressiyalara məruz qalır. Beləliklə də artıq hər şey repressiyaların kifayət qədər yüksək fonunda baş verir. Amma hətta bu fonda da bəzən basqıların artdığını görürük və indi baş verən budur.
Your browser doesn’t support HTML5
Beləliklə, noyabr ayından başlayaraq, noyabrın 20-dən biz iki tanınmış müstəqil media orqanına qarşı repressiyaların başladığını gördük. Bunlardan biri Ülvi Həsənli və Sevinc Vaqifqızı və onların həmkarı Məhəmməd Kekalovun həbsi ilə Abzas Media-dır. Bundan sonra isə həqiqətən də çox vacib bir onlayn platforma olan Kanal 13-ü hədəf alan daha bir həbslər silsiləsinin şahidi olduq. O vaxtdan bəri tanınmış jurnalistlərin, hakimiyyətin tanınmış tənqidçilərinin başqa həbsləri olub.
Bütün bunlardan başqa, məncə, geriyə baxıb tanınmış alim, anti-korrupsiya fəalı və hökumətin maliyyə əməliyyatları haqqında geniş biliyə malik iqtisadçı Qubad İbadoğlunun yayda həbs olunmasını da xatırlamalıyıq. Yəni, bu, tənqidi səslərə qarşı genişmiqyaslı təzyiqdir və biz belə yüksəlişi ilk dəfə deyil ki görürük. Biz 2000-ci illərdə, 2013 və 2014-cü illərdə oxşar sıçrayış gördük. Daha sonra isə hökumət 2016-cı ildə həbs edilmiş insanların çoxunu azad etdi, lakin həbs olunan və mühakimə olunanlarla yanaşı, həmişə repressiyaları yüksək səviyyədə davam etdirirdi. Cinayət ittihamları isə qaçaqmalçılıq, pul qaçaqmalçılığı, ekstremizm, saxta əməliyyatlar, narkotik maddələr və s. kimi tamamilə uydurmadır. Bununla yanaşı, hökumət bir sıra tənqidçiləri internetdə şərhlərinə görə 30 gün müddətinə həbs edib. Amma bunların hamısı repressiyaların daha böyük, daha geniş mənzərəsinin bir hissəsidir.
Amerikanın Səsi: Siz Azərbaycan rəsmilərindən əgər reaksiya verilərsə, hansı reaksiyanı gözləyirsiniz?
Reyçel Denber: Mən hesab edirəm ki, hökumət onun reaksiyasının həmişə ikrah və inkar olacağını açıq şəkildə ortaya qoyub. Onlar elə davranacaqlar ki, sanki bunlar haqlı ittihamlardır. Lakin heç kim onlara inanmır. İttihamlar gülüncdür. Onların düzəltdiyi işlər, bir yerə yığdıqları hallar sadəcə, bilirsinizmi, bizim intellektimiz üçün təhqirdir. Lakin dediyim kimi, onların açıq şəkildə göstərdiyi reaksiya adətən, ya ikrah və ya inkar olur, ya da onlar görməzdən gəlirlər. Onlar qeyri-hökumət təşkilatlarından (QHT) tənqidçilərin dediklərinə məhəl qoymurlar. Önəmli olan Azərbaycanla mühüm əlaqələri olan hökumətlərarası və ya digər hökumət tərəfdaşlarının da bu işləri qaldırması və [həbs edilənlərin] azadlığa buraxılması üçün israr etməsidir.
Amerikanın Səsi: Beynəlxalq ictimaiyyət insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılması üçün hansı tədbirləri görməlidir?
Reyçel Denber: İlk növbədə bu işləri daim hökumət qarşısında gündəmə gətirməlidirlər. Hökumətlərin, Avropa İttifaqının və ya Avropa Şurası kimi digər hökumətlərarası təşkilatların ixtiyarında ola biləcək alətlərdən ibarət böyük bir seçimi yoxdur, lakin onlar bu vasitələrdən istifadə etməlidirlər. Ona görə də Parlament Assambleyasında məsələn, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində qaldırılan işlərdə bu adamları azad etməsində təkid edən qərarlar olmalıdır və mən əminəm ki, haqsız həbs və ya siyasi təqiblərə görə məhkəməyə müraciət ediləcək. Əgər Azərbaycan Məhkəmənin tələblərinə əməl etmirsə, o zaman məhkəmə və Avropa Şurası Azərbaycan buna əməl edənə qədər tədbir görə bilər, bunu edə bilər və etməlidir. Avropa İttifaqı qanunun aliliyi prinsiplərinə, qanunun aliliyi ilə bağlı bəzi öhdəliklərinə əməl edənə qədər Azərbaycanla müəyyən növ danışıqlara başlamazdan əvvəl iki dəfə düşünməlidir.
Nəzərdə saxlamalı olduğumuz başqa bir məsələ ondan ibarətdir ki, Azərbaycan 2024-cü ildə BMT-nin ən böyük qlobal iqlim konfransı olan COP-29-a ev sahibliyi etmək üçün seçilib. Bu, mühüm məqamdır. Azərbaycan diqqət mərkəzində olacaq və medianın Azərbaycana diqqəti daha da artacaq. İqlim böhranı ilə mübarizənin ən mühüm aspektlərindən biri vətəndaş cəmiyyətini dinləmək, ətraf mühit hərəkatını dinləmək və vətəndaş cəmiyyətinin töhfə verə bilməsi üçün şərait yaratmaq, ekoloji cəhətdən əlverişli qanunvericilik rejimi adlanan rejimin yaradılması və saxlanılması, vətəndaş cəmiyyətinə iqlim məsələlərinin həllərinə töhfə verməyə imkan verən fəaliyyətlərin həyata keçirilməsidir. Azərbaycanın etdiyi, Azərbaycan hakimiyyətinin indi gördüyü işlər bunun əksidir. Onlar açıq müzakirələri təşviq etmək əvəzinə səsləri susdururlar.