Abzas Media-nın həbsdə olan direktorunun şikayəti təmin edilməyib

AbzasMedia saytının rəhbəri Ülvi Həsənli

Dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsi Abzas Media internet nəşrinin həbsdə olan direktoru Ülvi Həsənlinin vəkillə telefon danışıqlarına qoyulmuş qadağadan verilmiş apellyasiya şikayətini təmin etməyib.

Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Ülvi Həsənli ilə saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşə bilsə də, telefon danışığına qadağa qoyulub.

Vəkil qeyd edib ki, apellyasiya məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq, şikayəti təmin etməyib.

"Təəsssüf ki, Xətai Rayon Məhkəməsi bizim şikayəti təmin etmədi. Bildirdi ki, heç bir məhdudiyyət yoxdur. Amma biz də deyirik ki, faktiki olaraq, məhdudiyyət var. Çünki bir neçə dəfə Ülvi Həsənli xahiş edib ki, mənə zəng etsin. Tez-tez gedə bilmirəm. O, məlumatları ancaq vəkillə görüşəndə ala bilər. Neçə dəfə zəng etmək istəyib, icazə verməyiblər. Rəhbərliyə də yazılı müraciət edib", vəkil bildirib.

Your browser doesn’t support HTML5

Ülvi Həsənlinin vəkili: Neçə dəfə zəng etmək istəyib, icazə verməyiblər

Onun sözlərinə görə, bugünkü məhkəmə prosesində jurnalist Ülvi Həsənli də iştirak edib. O, məhkəmə prosesində vəkilin verdiyi apellyasiya şikayəti ilə razılaşsa da, məhkəmə təmin etməyib.

Zibeydə Sadıqova bildirib ki, bundan əvvəl Ülvi Həsənliyə istintaq orqanından ailəsi ilə görüşə və telefon danışığına qadağa qoyulub.

Bu deyilənlərlə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

"Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov isə noyabrın 20-də həbs olunub və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onların hər üçü də Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbi kimi "Abzas Media"da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.