Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə yeni cəzalar müəyyən edilir.
Yerli medianın məlumatına görə, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, hazırda qüvvədə olan Məcəlləyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Məcəlləyə təklif edilən dəyişikliyə əsasən isə, yuxarıda qeyd edilən xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Bundan əlavə Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin monitorinqi və əlaqələndirilməsi qrupu yaradılır.
Qanuna edilən dəyişikliyə əsasən, məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılır. Həmin qrupların fəaliyyətinə qeyri-hökümət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər.
Qeyd edək ki, Milli Məclisin komitə sədri Musa Quliyev parlamentin dekabrın 19-da keçirilən plenar iclasda çıxışı zamanı deyib ki, fiziki məişət zorakılığına gedən yol psixoloji və iqtisadi zəmində zorakılıqdan başlayır.
Həmçinin Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın6-da “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib ki, Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə 3 dəfə artıb. 2020-də 178, 2023-ün 11 ayında 550 müraciət daxil olmuşdu.
“Zorakılığın səbəb və nəticələrinin, təkrar baş vermə riskinin aradan qaldırılması, törədənlərin cəzalandırılması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər gücləndirilib, polis əməkdaşları təlimatlandırılıb.
Baş Prokurorluqda Cinayət təqibindən kənar icraatlar idarəsi yaradılmış, həmçinin intihar hallarının qarşısının alınması üzrə işçi qrupu fəaliyyətə başlayıb”, o əlavə edib.
Qadınların cinayət qurbanlarına çevirilməsi hallarının artmasına gəlincə insan hüquqları sahəsində ixtisaslaşan vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, bu halda məişət zorakılığı məsələsi aktualdır.
“Bu həm də onunla bağlıdır ki, qadınlar ayrı-seçkiliyə məruz qalırlar. Düzdür “Məişət zorakılığına qarşı mübarizə haqqında”, “Gender bərabərliyinin təmin edilməsi haqqında” qanunlar var. Amma, bu qanunlar nə mükəmməl, nə də işlək deyil. Nəticədə qadınlara qarşı məişət zorakılığı cinayət kimi qeydə alınmır. Polisdə həll olunur. Yəni bu hallara ciddi yanaşmırlar. Həm də cəmiyyətdə “qadın şikayət edə bilməz”, “qadın polisə gedə bilməz” kimi təfəkkür var. Bu hallarda qadına qarşı basqılar olur. Şikayət edəndə isə araşdırma yox, barışdırma hərəkətləri başlayır. Nəticədə qadın yenidən zorakılıqlarla üzləşir və ya cinayət qurbanına çevrilir”.
Sadıqova qadınlar arasında intihar hallarından danışarkən deyib ki, bu hallar əsasən sosial problemlərlə bağlı baş verir.
“Bu həm də qadının cinsinə görə baş verən pozuntularla bağlı olur. Məişət zorakılığı, ayrıseçkilik halları vaxtında araşdırılmayanda intiharlara yol açır”, o qeyd edib.