Ərdəbil sakini təqaüdçü müəllim Qulamrza Əsgəri müxtəlif ittihamlarla üzləşib.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Qulamrza Əsgəriyə məhkəmə tərəfindən çağırış vərəqəsi göndərilib. Həmin vərəqədə müəllimlərin həmkarlar ittifaqı fəalına qarşı irəli sürülən ittihamlar qeyd olunub.
Ərdəbildə müəllimlərin hüquqlarının müdafiəçisi Qulamrza Əsgəriyə qarşı “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək, qeyri-qanuni mitinqlər təşkil etmək və iştirak etmək, yalan məlumat yaymaq, ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup idarə etmək” ittihamları irəli sürülüb. Bu ittihamlar məhkəmə tərəfindən sinfi fəala göndərilən çağırış vərəqəsində qeyd olunub.
Dekabrın 20-də Ərdəbil İnqilab Məhkəməsinin 2 saylı şöbəsində məhkəmə iclası keçirilib.
Əsgəri Ərdəbil şəhərində avqustun 29-da təqaüdçülərin etiraz mitinqində iştirak etməsi nəticəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bir həftə həbsdə saxlanıldıqdan sonra sentyabrın 2-də 200 milyon tümənlik girov müqabilində Ərdəbil həbsxanasından məhkəmənin son qərarına qədər sərbəst buraxılmışdı.
Keçən il İranda müəllimlərin ilk etiraz mitinqləri aprelin 21-də bir çox şəhərdə eyni vaxtda keçirilib. Həmin etirazlara təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində bir çox müəllim həbs edilərək müxtəlif ittihamlardan dolayı azadlıqdan məhrum edilib. İranda müəllimlər və təqaüdə çıxan müəllimlər etiraz mitinqləri keçirməklə sinfi tələblərinin yerinə yetirilməsini və məişət problemlərinin həll olunmasını tələb edirlər.