Britaniya və Almaniya baş diplomatları Qəzzada "dayanıqlı atəşkəs" çağırışı ediblər

Britaniyanın xarici işlər naziri Devid Kemeron və onun almaniyalı həmkarı Annalena Baerbok Britaniyanın “Sunday Times” qəzetində dərc olunan birgə məqalədə Qəzzada “dayanıqlı atəşkəs”ə çağırış ediblər.

"Biz dayanıqlı sülhə aparan dayanıqlı atəşkəsə yol açmaq üçün əlimizdən gələni etməliyik", - deyə iki diplomat yazıb: "Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır - ehtiyac təcilidir".

Ümumdünya Səhiyyə Təşkilatı dekabrın 17-də verdiyi açıqlamada, işçilərinin şənbə günü Qəzzanın şimalındakı Şifa xəstəxanasına dərman və cərrahi ləvazimatlar, ortopedik cərrahiyyə avadanlıqları, anesteziya materialları və dərmanları çatdıran BMT-nin sağlamlıq missiyasında iştirak etdiyini söyləyib.

ÜST, "yalnız bir neçə həkim və bir neçə tibb bacısı, 70 könüllü ilə birlikdə" fəaliyyət göstərən müəssisə "minimal funksionaldır" deyib.

ÜST əlavə edib ki, “on minlərlə məcburi köçkünün” xəstəxana binalarına və ərazilərinə sığınıb.

İsrail ordusu bazar günü bildirib ki, onun Cəbəlidəki əsgərləri uşaq yataq otağında HƏMAS tunellərinə aparan giriş tapıblar. Tapıntının videosu internetdə yerləşdirilib.

Baş nazir Benyamin Netanyahu şənbə günü televiziya ilə mətbuat konfransı zamanı deyib ki, cümə günü İsrail əsgərləri tərəfindən üç israilli girovun təsadüfən öldürülməsi “ürəyimi qırdı, bütün xalqın ürəyini qırdı”.

Netanyahu İsrail və HƏMAS arasındakı müharibəni, təzyiq və xərclərə baxmayaraq, qələbəyə qədər aparılmalı olan ekzistensial müharibə adlandırıb və əlavə edib ki, Qəzza hərbsizləşdiriləcək və İsrailin təhlükəsizlik nəzarəti altında olacaq.

“Biz həmişəki kimi sona qədər, HƏMAS-ı darmadağın edənə qədər, bütün girovlarımızı qaytarana qədər davam etməyə qərarlıyıq” dedi.

Netanyahu bildirib ki, Qəzzaya hücum noyabrda girovların qismən azad edilməsi ilə bağlı razılaşmanın əldə olunmasına kömək edib. "Danışıqlar qrupuna verdiyim göstəriş bu təzyiqə əsaslanır, onsuz heç nəyə malik deyilik" dedi.