İran Azərbaycanının müxtəlif şəhərlərində mədəni fəallar Azərbaycan Milli Hökumətinin 1946-cı ildə devrilməsindən sonra Pəhləvi hökuməti tərəfindən türkcə kitabların yandırılmasının 77-ci ildönümünü yad edirlər.
Araz News və Abbas Lisani Telegram kanalları kimi mənbələrin yaydığı xəbər və görüntülərə əsasən, türk dil haqları fəalları Urmiyə, Təbriz və Ərdəbil kimi şəhərlərlərin məhəllələri və məktəblərin önündə uşaqlara məxsus türkcə kitablar paylayıblar.
Sosial mediada paylaşılan bəzi görüntülərə əsasən, Zəncan şəhərində isə divarlara Azərbaycan Milli Hökumətinin yaradılması və devrilməsinin ildönümü münasibətilə elanlar və afişalar asılıb.
1946-cı ilin dekabrında Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə qurulmuş Azərbaycan Milli Hökuməti devrildikdən sonra həmin hökumət dönəmində çap olunmuş türkcə kitablar İran Ordusu tərəfindən yandırılıb. Fəallar dekabr ayının 17-ni “Güney Azərbaycanda Kitab Günü” adlandıraraq bu hadisənin ildönümünü yad edirlər.
Məşhur cərrah Şapur Ənsari daha əvvəl Amerikanın Səsi ilə söhbətdə milli hökumətin devrilməsindən sonra türkcə dərsliklərinin yandırılması ilə bağlı təəssüratını bölüşüb.
SEE ALSO: "Türkcə kitablarımın yandırılmasına səbəb olanları bağışlamayacağam" [Audio-Müsahibə]Həmin illərdə üçüncü sinifdə təhsil alan cənab Ənsari deyib ki, “dedilər bu dil pis dildir, kitablarınızı gətirib yandırın. Mən özüm də günahkaram. Kitabları yandıranda mən də iştirak etdim. Evdən türkcə kitablarımızı və qəzetləri gətirib yandırdıq... O olayı heç vaxt unutmaram. Buna səbəb olanları, heç kəsi isə heç zaman bağışlamaram.”
Mərhum Rza Bərahəni isə həmin dövrdən müşahidələri haqqında belə yazıb:
“Onlar bizi türk dilində yazılmış dərslikləri Təbrizin Şəhrdari (Bələdiyyə) meydanına toplamağa və onları yandırmağa məcbur etdilər. Kitabların alovları bizim başımız üstündə dar ağacından asılmış kişilərin ayaqlarına qədər qalxırdı.”