Təbriz Səhənd Universitetinin rektoru mühəndislik fakültələrində tələbələrin sayının azalması barədə xəbərdarlıq edib

Təbriz Universiteti

Təbrizin Səhənd Texnologiya Universitetinin rektoru İsmayıl Fatehifər Təbrizdə etdiyi çıxışda ölkə universitetlərində mühəndislik ixtisaslarında tələbələr üçün yerlərin boş qaldığını bildirib.

Fars xəbər agentliyinin yaydığı məlumata əsasən, o, Elm Nazirliyinin mühəndislik kurslarına ayırdığı 240 min yerdən cəmi 120 mininin doldurulduğunu bildirib. Bu isə o deməkdir ki, ölkə universitetlərinin mühəndislik ixtisaslarında tutumun yarısı boş qalıb.

Səhənd Texnologiya Universitetinin rektoru bu məsələni ölkə üçün təhlükəli vəziyyət kimi təqdim edib və vəziyyətin davam etdiyi təqdirdə gələcəkdə ölkəyə mühəndis və texniki işçi cəlb etmək məcburiyyətində qalacaqları barədə xəbərdarlıq edib.

Universitet rektoru Fatehifər çıxışında deyib ki, İranda yazılan məqalələr təəssüf ki, sənaye sektorunda istifadə olunmur, xarici ölkələr isə bu məqalələrdən faydalanır.

Səhənd Texnologiya Universitetinin rektoru İsmayıl Fatehifər sosial elmlər sahəsində tələbələrin yetişdirilməsinin vacibliyini vurğulayıb və deyib ki, "ölkədə ictimai elmlər sahəsində elə iş görülüb ki, elmi baxımdan daha zəif adamlar bu ixtisaslara cəlb olunurlar."

Bu açıqlamalar universitet rektorunun sosial elmlər sahələrinə və bu sahədə mütəxəssislərin hazırlanmasına diqqət yetirilməməsindən narahatlığını göstərir.

Təxminən əlli ildir ki, İranda universitetlərə daxil olmaq üçün abiturientlər arasında Konkur adlı imtahan keçirilir. Lakin son illər ölkənin bəzi universitetlərində qəbul imtahansız aparılır.

İranda imtahansız tələbə qəbul edən universitetlər tələbələrdən nisbətən daha yüksək təhsil haqqı alır və onlarda digər universitetlərlə müqayisədə təhsil keyfiyyəti aşağı səviyyədə qalırlar.

Yeni tədris ilində ölkədəki ali məktəblərdə qəbul tutumunun vəziyyəti ilə bağlı Mehr xəbər agentliyində yayımlanan hesabata görə, ali məktəblərə imtahansız qəbulun tutumunun 83 faizi boş qalıb və onlar tələbələr tərəfindən rəğbət görmür. Rəsmilərin verdiyi açıqlamalar həmçinin göstərir ki, Konkur adlı imtahan ilə tələbə qəbul edən universitetlərin əksəriyyətində oturacaqlar boş qalır. Sentyabrın 12-də İranın təhsildə imtahan təşkilatının rəhbəri imtahanla tələbə qəbul edən ali məktəblərdə təxminən 531 min tələbə üçün tutumun olduğunu, ancaq bu tutumun böyük hissəsinin boş qalacağını bildirmişdi.