Hüquq müdafiəçiləri Təbriz həbsxanasında saxlanılan tələbə fəal Armita Pavirin həbs cəzasına məhkum olunduğuna dair məlumat yayıblar.
İran Wire xəbər saytına istinadən, İslam İnqilabı Məhkəməsi “İslam Respublikası nizamına qarşı təbliğat” və “ali dini lideri təhqir etmək” ittihamları ilə mühakimə etdiyi tələbə fəalı toplam 22 ay və 17 gün həbsə məhkum edib.
Armita Pavir sentyabr ayının 21-dən bəri Təbriz həbsxanasında saxlanılır.
“Pavir bir müddət əvvəl nəzarət müddətinin uzadılması və digər qanunsuz davranışlara etiraz olaraq aclığa başladığını bildirib. Bu türk vətəndaşın məhkəmə iclası dekabrın 3-də həbsxanada ikən və video-konfrans formasında keçirilib,” İran Wire bildirib.
SEE ALSO: Armita Pavir Təbriz həbsxanasında aclıq aksiyasına başladığını bildiribArmita Pavir “nizama qarşı təbliğat” və “ali dini lideri təhqir etmək” ittihamlarından dolayı müvafiq olaraq 7 ay 16 gün və 15 ay bir gün həbs cəzası alıb. İranın İslami Cəza Qanununun 134-cü maddəsinə uyğun olaraq, siyasi fəal barəsində çıxarılan ən ağır hökm, yəni 15 ay bir gün həbs cəzası icra edilə bilər.
Pavir göstərdiyi siyasi fəaliyyətlər səbəbilə daha əvvəl də həbs və digər təzyiqlərə məruz qalıb. O, 2022-ci ilin sentyabr ayında baş qaldıran geniş etirazlar zamanı nəzarət altına alınıb və daha sonra təhsil aldığı Azərbaycan Şəhid Mədani Universitetindən uzaqlaşdırılıb.