İctimai fəal Möhyəddin Orucova narkotik ittihamı verilib

Möhyəddin Orucov

Dekabrın 15-də Suraxanı Rayon Məhkəməsi ictimai fəal Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bu barədə fəalın ailəsi Amerikanın Səsinə məlumat verib.

Ailəsi deyir ki, polislər onun üzərindən 3,9 qram metamfetamin aşkar etdiyini iddia edir. Yaxınları bunun absurd olduğunu, fəalın şərləndiyini deyirlər.

Məhkəmə hesab edib ki, ittiham edildiyi əməlin ağırlığı, istintaqdan yayınma riski, cinayət prosesi iştirakçılarına qanunsuz təsir etmə riski, əməli yenidən törətmə riskinə görə Möhyəddin Orucov barəsində həbs qətimkan tədbiri seçilməlidir.

İctimai fəal Möhyəddin Orucovun dekabrın 13-də saxlanıldığı bildirilir.

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatının həmtəsisçisi, hüquq müdafiəçisi Rüfət Səfərov qeyd edib ki, ictimai fəal bir müddət əvvəl sosial şəbəkə hesabında dövlət başçısı İlham Əliyevin siyasətini sərt şəkildə tənqid edib:

"Elə bu, kifayət edib ki, polis Möhyəddin bəyi zorakılıqla tutsun, axşamdan səhər radələrinədək 32-ci Polis Bölməsinin həyətində stula qandallaşmış vəziyyətdə saxlasın, təhqir etsin, döysün və 30 sutka inzibati qaydada həbs etsin".

Möhyəddin Orucov oktyabrın 18-də inzibati həbs cəzası alıb. İctimai fəal Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib.

O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə o 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.