Ukrayna prezidenti Volodimir Zelenski bu həftə Vaşinqtona səfəri zamanı prezident Co Baydenlə birgə ABŞ-ın Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizə məqsədilə 61 milyard dollar məbləğində yardımı ayırması üçün müraciətlə çıxış ediblər. Onlar bu vəsaitin olmadığı halda, qarşıdan soyuq və qaranlıq qışın gəldiyini bildiriblər.
Hər iki prezident Ukraynanın Rusiyanın müdaxiləsinə müqavimət göstərmək üçün lazım olan maliyyəni ala bilməsə, bunun nəticələrinin ağır olacağını bildirib.
Lakin maliyyəni təsdiq edən ABŞ Konqresi hələ ki, əmin deyil. Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı günü ABŞ qanunvericilərini prezident Co Baydenin 61 milyard dollarlıq yardım haqda təklifini həftənin sonuna qədər qəbul etməyə çağırıb.
Respublikaçılar maliyyələşdirməyə “düzgün nəzarət” və eyni zamanda “strategiyanın aydın ifadəsini” görmək istədiklərini deyirlər.
Bayden Kyivə davamlı dəstək vəd edərək, Ukraynanın qalib gəldiyini görmək istədiyini deyib və Respublikaçıların yardım paketini qəbul etməməsinin Moskvanın işinə yaradığını bildirib.
ABŞ Prezidenti Co Bayden:
“Kreml tərəfindən dəstəklənən şounun aparıcısı bunları dedi: “Afərin, respublikaçılar. Bu, bizim üçün yaxşıdır”. Əgər Rusiya təbliğatçıları sizi tərifləyirlərsə, bəlkə də nə etdiyinizi yenidən düşünməyin vaxtıdır. Tarix azadlıq uğrunda mübarizədən üz döndərənləri sərt şəkildə mühakimə edəcək”.
Zelenski hava hücumundan müdafiəni gücləndirməyə çağırmağa davam edib və ölkəsinin ərazisinin güzəşt edilməyəcəyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski:
“Mənim bu insanlara sualım var: övladlarını terrorçulara verməyə hazırdırlarmı? Düşünürəm ki, yox”.
Rusiya Xarici İşlər Nazirliyi Zelenskini “pul qoparmaqda” ittiham edib və onu Amerikanın kuklası adlandırıb.
ABŞ vergi ödəyənləri Ukraynada müharibədən yorğunluğa dair əlamətlər göstərir və bəzi Respublikaçılar Amerikanın maliyyəsinin təxminən üçdə bir hissəsinin nəyə görə silaha deyil, hökumət yardımına yönəldiyini soruşurlar.
Minatəmizləmə kampaniyası ilə bu yaxınlarda ölkəyə səfər edən Con Ceymson Ukraynanın “hər bir qəpiyə“ ehtiyacı olduğunu deyib.
Halo Trust şirkətinin nümayəndəsi Con Ceymson:
“Biz artilleriya səslərini eşitdiyimiz zaman minatəmizləyənlər işləməyə davam edirdi. Onlar bunu ona görə edirlər ki, yaşaya bilmək, təkcə müharibədə döyüşə bilmək deyil, həm də yaşaya bilmək üçün indi əkinçiliklə məşğul olmaq, məhsul yetişdirmək və yenidən işə qayıtmağın vacib olduğunu bilirlər. Buna görə də hərbi əməliyyatların bitməsini gözləyə bilmərik.”
Lakin müharibə nə vaxt bitəcək? Təhlilçilər bunun bir ildən çox çəkə biləcəyini deyirlər və kiçik ordunun daha böyük rəqibə qarşı nə dərəcədə yaxşı mübarizə apardığını nəzərə alsaq, Ukraynanın tərəfdarlarının ölkəni kifayət qədər maliyyələşdirib- maliyyələşdirmədiyini sual edir.
Amerika Sahibkarlar İnstitutunun eksperti Dalibor Rohaç:
“Müəyyən mənada onlar öz uğurlarının qurbanı olublar. Düşünmürəm ki, biz ukraynalılardan daha çox şey istəməliyik, xüsusən də Qərbin yardımının demək olar ki, homeopatik xarakterini nəzərə alsaq. Ukraynaya gətirilən sursatların miqdarını, Ukraynaya çatdırılan çox az miqdarda uzaqmənzilli artilleriya, dəqiq artilleriya, hava hücumundan müdafiə sistemləri və s. nəzərə alsaq, onlar düşünürəm ki, onlara verilən çox məhdud resurslardan daha böyük rəqibə qarşı həqiqətən çox effektiv bir şəkildə istifadə edirlər.”
İndi Konqres Ukraynanın amansız şəkildə hücum edən qəddar düşmənin - qışın gəlişindən öncə istədiyi yardımı əldə edib-etməyəcəyinə qərar verməlidir.