Müsavat Partiyası fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib. Bu barədə dekabrın 15-də partiyanın divanı qərar qəbul edib.
Partiyanın mətbuat xidmətinin məlumatında deyilir ki, divanının iclasında əvvəlcə Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun “uydurma ittihamlarla həbsi” ilə bağlı məsələ müzakirə olunub.
“Bu həbs Müsavat Partiyasına və bütövlükdə müxalifətə təzyiq etmək, cəmiyyət xof yaratmaq məqsədilə atılan repressiv addım kimi dəyərləndirilib. Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə partiyanın bəyanatı qəbul edilib”, məlumatda qeyd edilir.
Müsavat Partiyası bildirir ki, Azərbaycanda son həftələr ərzində ondan artıq jurnalistin, o cümlədən “Turan” agentliyinin əməkdaşı Hafiz Babalının həbsi ölkədə söz və media azadlığına qarşı basqıların davamı kimi qiymətləndirilərək pislənilib. Bütün siyasi məhbusların və sifarişlə həbs edilən jurnalistlərin azadlığa buraxılması tələb edilib.
Mətbuat xidməi bildirir ki, növbədənkənar prezident seçkiləri müzakirəsi zamanı qeyd edilib ki, bir qayda olaraq seçkilərdə iştirak edən Müsavat Partiyası Azərbaycan hakimiyyətini seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığınını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb.
“Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib. Hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib. Seçki kampaniyasının qəfil elan olunması ilə seytnot vəziyyətinin yaradılması bu seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur”.
Müsavat Partiyası bütün bunları, eləcə də partiya strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq, fefralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib.
Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Indiyədək yalnız hazırki prezident İlham Əliyevin namizədliyi irəli sürülüb.
Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.
Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilərin elan edilməsi ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.
Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.
Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
"Seçki Məcəlləsi"nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.