Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

İlham Əliyev (Mənbə: Azərbaycan Prezident Administrasiyası)

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Bu barədə qərar YAP İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

İdarə heyətinin üzvləri arasında səsvermə keçirilib və İlham Əliyevin namizədliyi yekdillikə təsdiq edilib.

Digər siyasi partiyalar isə hələlik növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədini irəli sürməyib.

Lakin müxalif siyasi partiyalar hakimiyyətdən seçkilərin keçirilməsi üçün demokratik mühitin yaradılmasını, bütün siyasi məhbusların azad olunmasını, sərbəst toplaşma, söz və ifadə azadlığının, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin olunmasını tələb edir.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilərin elan edilməsi ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.

Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

"Seçki Məcəlləsi"nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.