"Kanal 11" internet televiziyası kanalın direktoru Teymur Kərimovun həbs edilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Teymur Kərimov Azərbaycanın ən çox abunə və baxışına sahib olan "Kanal 13" internet televiziyası ilə illərlə çalışıb, hazırda isə haqsızlıqları sərt tənqidi ilə seçilən "Azad Söz" və "Time TV" internet televiziyalarının Bakı bürosunun rəhbəri kimi fəaliyyət göstərirdi:
"Onun çəkdiyi video-reportajlar "Azadlıq Radiosu", "Meydan TV" kimi kanallarda da yayımlanıb. Kərimov illər boyu qeydə aldığı video-reportajlardan dolayı təqiblərə, şantajlara məruz qalıb. Ona bəzən rüşvət təklif olunub, qəbul etmədiyi təqdirdə polis bölmələrinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və dəfələrlə fiziki zorakılığa məruz qalıb".
"Kanal 11" bəyanatında qeyd edir ki, jurnalist 2019-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partıyasının sədri Əli Kərimlidən müsahibə aldığı üçün təqib olunub, yolda qarşısı kəsilərək mülki geyimli şəxslər tərəfindən fiziki zorakılığa məruz qalıb, avadanlıqlarına zərər vurulub, müsahibənin olduğu kart əlindən alınıb.
"Bundan sonra da dəfələrlə kamera, mobil telefon, mikrafon kimi çəkiliş üçün istifadə etdiyi avadanlıqlar sındırılıb və ya əlindən alınıb. Şəxsi müxtəlif dövlət qurumları qarşısında peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa, təhqirlərə məruz qalıb. Onun fəaliyyəti ilə bağlı təkcə özü deyil, əməkdaşlıq etdiyi reportyorlar və ailə üzvləri də sıxışdırılıb", deyə qeyd olunur.
Bəyanatda deyilir ki, Teymur Kərimovu 182-ci maddəyə görə yox, məhz jurnalist fəaliyyətinə görə 5 ildən 10 ilə qədər həbs gözləyir:
"Teymur Kərimov son günlərdə Azərbaycanda həbs edilən 7-ci jurnalistdir. Ondan əvvəl "Abzas Media"nın direktoru və baş redaktoru da daxil olmaqla 4 əməkdaşı (Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Məhəmməd Kekalov, Nərgiz Absalamova) və "Kanal13" İnternet Televiziyasının Azərbaycan bürosunun direktoru da daxil olmaqla 2 əməkdaşı (Əziz Orucov, Rüfət Muradlı) həbs edilib. Ötən illər ərzində "Kanal11" ilə əməkdaşlıq etmiş və nifrət cinayətinə qurban gedən reportyor Əvəz Hafizli də dəfələrlə peşə fəaliyyəti ilə bağlı təzyiqlərə, zorakılığa məruz qalmışdı, LGBTQ+ fərdi olan Hafizli zorlanma ilə də təhdid edilmişdi".
"Kanal 11" fəaliyyətlərinə davam edəcəklərini, həbslərin, təqiblərin və hədə-qorxuların onları dayandırmayacağını vurğulayıb.
Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Vəkil Nemət Kərimlinin sözlərinə görə Teymur Kərimova 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirli bilinir.
"Təqdimata görə, o guya üç epizod üzrə iki nəfərdən hədə qorxu ilə pul tələb edib. Lakin Teymur Kərimov özünü təqsirli bilmir və bu məsələlərdən xəbəri olmadığını deyib", vəkil deyib.
Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.
"Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliynin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib", vəkil əlavə edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.
"Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır", o qeyd edib.