“Amnesty International” Teymur Kərimovun həbsi ilə bağlı bəyanat yayıb

“Amnesty International” təşkilatı “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimovun həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycanda hakimiyyət müstəqil mediaya qarşı təzyiqləri gücləndirir.

“Amnesty İnternational”ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze deyir ki, indi baş verənlər 2012 və 2015-ci ildə müstəqil media agentliklərinə, azad mətbuata və vətəndaş cəmiyyətinə olan basqıları xatırladır:

“O vaxt bu, Azərbaycanda vətəndaş cəmiyyətinin məhv edilməsinə, tənqidi KİV-lərin və QHT-lərin bağlanmasına, həmçinin onlarla hüquq müdafiəçisinin və fəallarının həbsi ilə nəticələndi”.

Nataliya Nozadze vurğulayıb ki, Teymur Kərimovun həbsi Azərbaycanda jurnalistlərə və digər tənqidçilərə qarşı irəli sürülən saxta ittihamların narahatedici nümunələrindən biridir.

“Şahid olduğumuz şey müstəqil mediaya qarşı təzyiqlərin güclənməsidir və bu, noyabrın sonlarında müstəqil “AbzasMedia” və “Kanal 13” rəhbərliyinin həbsi ilə başlanıb,” o bildirib.

Teymur Kərimovla dekabrın 11-də günorta saat 12.00 radələrindən sonra əlaqə saxlamaq mümkün olmayıb. Yaxınlarının bildirdiyinə görə, bir sutkaya yaxın müddətdə onlara jurnalistin yeri barədə heç bir məlumat verilməyib. Dekabrın 12-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti onun şübhəli şəxs qismində saxlandığını və hədə-qorxu ilə tələbetmədə ittiham olunduğunu açıqlayıb.

“Kanal 11” internet televiziyasının Teymur Kərimovla bağlı yaydığı bəyanatda bildirilir ki, reportyor çəkdiyi video-reportajlara görə təzyiqlərə məruz qalıb. O, polislərin Qarabağ qazilərinə qarşı zorakılığı və onların buna etirazlarını işıqlandırıb.

“Teymur Kərimov bir müddət əvvəl qazilərin polislər tərəfindən zorakılığa məruz qalması və buna etiraz etmələrini işıqlandırdığı üçün hədəfə gəlib. Video-reportajların silinməsi üçün ona hədə-qorxu gəliblər. İzahat almaq adıyla polisə dəvət edilib.”

Teymur Kərimova ittiham verilən maddələrdə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Son 3 həftə ərzində Azərbaycanda xeyli media nümayəndəsi həbs olunub. Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), layihə koordinatoru Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova, “Kanal13” internet televiziyasının Azərbaycandakı direktoru Əziz Orucov, bu kanalın aparıcısı Rüfət Muradlı da var.

“Düşünürük ki, Teymur Kərimov seçkiqabağı işə düşən repressiya maşının növbəti qurbanıdır,” Kanal 11-in bəyanatında vurğulanıb.

Azərbaycan hakimiyyəti isə ölkədə bütün fundamental hüquların tam bərpa edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bildirir, siyasi hakimiyyət tənqidləri qəbul etmir və qərəzli hesab edir.