"Kanal 11" internet televiziyasının rəhbərinə cinayət işi qaldırılıb

Teymur Kərimov

"Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.

"Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır", o qeyd edib.

"Kanal 11" internet televiziyasının bəyanatında deyilir ki, "Kanal 11" internet televiziyasının direktoru Teymur Kərimov dekabrın 11-də səhər saatlarından yoxa çıxıb.

"Onun telefonuna zəng çatmır və harada olduğu bilinmir"- deyə, yaxınları bildirir.

Bəyanatda qeyd olunur ki, Teymur Kərimov "Kanal 11" və "Azad Söz" internet televiziyalarında yayımlanan Daşkəsən rayon icra hakimiyyətinin keçmiş başçısı Əhəd Abıyevlə bağlı video-reportajdan sonra ciddi təqiblərə məruz qalıb. Belə ki, evinə polis nəfəri gələrək, ondan şikayət olduğunu bildirib. Polis bölməsinə getdikdə isə adların səhv düşdüyü deyilib. Bundan əlavə, o dəfələrlə müxtəlif bəhanələrlə polis bölməsinə çağırılıb və ya ona video-reportajın yayılmasının qarşısının alınması məqsədi ilə zənglər edilib", bəyanatda bildirilir.

Sənəddə deyilir ki, bundan sonra Teymur Kərimov qazilərin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və sözügedən qazilərin buna etiraz etməsini işıqlandırdığı üçün yenidən hədəf alınıb.

"Teymur Kərimov yenə video-reportajların silinməsi üçün hədə-qorxuya məruz qalıb. İzahat alınması üçün dəvət edilib. Son bir ildə Azərbaycanda azad söz naminə mübarizə aparan, vətəndaşların haqq səsini çatdırmağı özlərinə borc bilən kifayət qədər jurnalist həbs olunub. Son günlərdə bunun nümunəsi "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), jurnalist Nərgiz Absalamova, "Kanal 13" internet televiziyasının Azərbaycandakı direktoru Əziz Orucov, yenə sözügedən kanalın əməkdaşı Rüfət Muradlıdır. Düşünürük ki, Teymur Kərimov seçkiqabağı işə düşən repressiya maşının növbəti qurbanıdır", internet televiziyasının bəyanatında bildirilir.