İctimai fəalın məhkəməsi təxirə salınıb

Ayxan İsrafilov

Dekabrın 11-də Bakı Ağır Cinayətlər məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilova açılan cinayət işi üzrə məhkəməyə hazırlıq iclası təxirə salınıb.

Ayxan İsrafilovun vəkili Fariz Namazlı bildirib ki, hazırlıq iclasının təxirə salınmasına səbəb dövlət ittihamçısının məhkəməyə gəlməməsidir.

"Bu gün Ayxan İsrafilovun təqsirləndirildiyi cinayət işi üzrə hazırlıq iclası keçirilməli idi. Məlum oldu ki, dövlət ittihamçısı iştirak etmədiyi üçün proses təxirə salınır. Məhkəmə dövlət ittihamçısının da iştirakının təmin edilməsi üçün ayın 19-a təyin edildi. Ayxan İsrafilov etiraz etdi ki, mən əziyyətlə bura gətirilmişəm, lakin dövlət ittihamçısı prosesə gəlmir", vəkil bildirib.

Ayxan İsrafilov məhkəmə zalında saxlanma şəraitindən şikayət edib. Onun sözlərinə görə, saxlanıldığı 3 saylı Bakı İstintaq Təcridxanasında 10 nəfərlik kamerada 15 nəfər saxlanılır.

Fəal həmçinin qeyd edib ki, ona gətirilən kitabların heç biri ona verilmir və səbəb izah edilmir.

Məhkəmə iclası dekabrın 19-a təxirə salınıb.

Ayxan İsrafilov avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilıb. İsrafilov Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunur. O, ittihamları qəbul etmir və həbsini öz fəaliyyəti ilə əlaqələndirir.